“Qarabağ” futbol klubu ilə bağlı yeniliklər gəlməkdə davam edir. Artıq komandamımızın Avropa Liqasında rəqibləri və keçirəcəyi oyunların tarixi də məlumdur.
Bizim.Media “Qarabağ” ətrafında dönən son emosiyaları soyuq başla idman eksperti Ceyhun Əliyevlə müzakirə edib:
– Futbolçularımız niyə tənqidə açıq deyil?
“Azərbaycanda nə yerli, nə əcnəbi, nə də milliləşdirilmiş futbolçular tənqidə açıq deyil. Sadəcə, məsələn, Mamadu Mbocu tənqid edəndə, bundan xəbəri olmur. Çünki günümüzdə mətbuat və sosial media əsasən Azərbaycan və rus dillərindədi. Niyə futbolçular (idmançılar) tənqidə açıq deyil? İndiki vəziyyət hələ şükürlüdü. Mən jurnalistikaya gəldiyim əsrin ilk illərində durum daha əcaib idi. “Razborka”ya də çağırılmışıq, təhdid də edilmişik. Yəni, yeni nəsil idman mediası əməlli başlı “sülhsevər” idmançılarla rastlaşır.
Nəhayət, müasir idmançılara gəlincə, buna şəraiti ölkəmizdəki mühit yaradır: maliyyə imkanları daha üst sırada olanlar zənn edir ki, kasıb onun barəsində mənfi rəy verə bilməz. Məsələn, Orxan Fikrətoğlu bir neçə gün öncə İTV-nin efirindən idman mediasını “cib jurnalistləri” adlandırmışdı. İnsan özü cibdən-cibə o qədər tullanıb ki, elə bilir ki, jurnalistikanın ən kasıb zümrəsini təhqir edə bilər. Və bu adam Premyer Liqada təmsil olunan “Samaxı”nın İdarə Heyətinin üzvüdür!”
– Şahruddin Məhəmmədəliyevin qarşılaşdığı hal ilə bağlı nə deyə bilərsiniz?
“Şahruddin Məhəmmədəliyevə gəlincə, bunda daha çox klubu günahlandırıram. “Qarabağ”da menecer heyəti çalışır. Onlar qapıçılarına qarşı hiddətin aşırı həddə olmasını görürdülər. Dağıstanlı qolkiperə sosial şəbəkə vasitəsi ilə “azarkəşlərdən üzr istəyirəm” ifadəsini yaz” deyə bilərdilər. İnanın, məsələnin şiddəti dərhal bir neçə dəfə azalacaqdı. Burda nə baş verdi? Ağdam təmsilçisi zənn etdi ki, ölkə futboluna elə töhfə verib ki, heç kəs onların heç bir üzvünü tənqid edə bilməz. Klub rəsmilərindən “Azərbaycan Şahruddinlə fəxr etməlidi” kimi absurd açıqlama gəldi.
Bəlkə də 2020-ci ildəki müharibə olmasaydı, bu yöndəmsiz sözləri də həzm etmək olardı. Ancaq Azərbaycanın fəxri etdiyi oğullar ya məzardan baxır, ya bədəninin bir parçasını itirib, ya da psixoloji stresdən hələ çıxmayıb. Təcili surətdə ölkə başçısının “Qarabağ”ı qəbul etdiyi və orda Şahruddinə “sən yaxşı qapıçısan” dediyi kadrlar tirajlanmaga başladı. Ancaq yenə də unuduldu ki, hansısa zaman kəsiyində göstərdiyin oyuna görə aldığın tərifdi bu, əbədi “müdafiə skafandrı” deyil.
Axı, məsələ burasındadı ki, yaxşı oyuna görə milliləşdirilmiş qolkiper milyonlarla pul qazanıb. Yəni, sən millətin başına yaxşı oyunu qaxınc edə bilməzsən! Deməli, pis oyuna görə də dözümlülük nümayiş etdirməyə borclusan.
Vaxtilə Şahruddinlə milli komandaya dəvət almış digər dağıstanlı legioner Ruslan Qurbanov da bütün mümkün çərçivələri aşaraq “Şah, Şah hayqıran adamlar, nə tez unutdunuz hər şeyi? Nə çaqqal sürüsü kimi indi Şahruddinə hücum çəkirsiniz?” ədəbsiz ifadələrlə öz aləmində həmyerlisini müdafiə edərək, azarkeşlərə təhqir yağdırıb. Əslində, Məhəmmədəliyev və ona təşəkkür etməli olduğumuzu iddia edənlər şükr etməlidir ki, heç kəs “oyunu totalizatora qoymuşdu” tipli iddialarla çıxış etmir. Ən azı, hələlik belə iddiaya rast gəlinməyib. Bir daha təkrar edirəm ki, ölkədə sosial mühit dəyişməlidir: nə qədər ki, varlılar avtomobillə kasıbın üstündən keçib qanun qarşısında cavab verməyəcək, idmanda da belə təbəqələşmə davam edəcək”.
– Qarabağın püşkatma nəticəsində düşdüyü qrup haqqında dəyərləndirməniz necədir?
“Püşkatmaya gəlincə, ilk səbətdən “Olimpiakos” çıxanda düşünmək olardı ki, cari avrokubok mövsümündə “Domokl qılıncı” kimi “Qarabağ”ın başının üzərini kəsdirmiş bəxtsizlik bitdi. Ancaq “Oğuz elinin qara günləri” irəlidə imiş. Üç və dördüncü səbətdən müvafiq olaraq “Frayburq” və “Nant”ın çıxması ağdamlıların şanslarını minimuma endirdi. Açığı, mən bir sıra həmkarımın yanaşma tərzinə heyran qalıram. “Böyük Beşlik” ölkələrinin (Almaniya və Fransa) təmsilçiləri barədə “axı, onlar öz çempionatlarında heç medal qazanmayıblar” demək gülüncdür.
Biz özümüzü Almaniya və Fransa çempionatları ilə necə müqayisə edə bilərik? Bəli, qrupda 2-ci yeri tutub Avropa Liqasının 1/8 finalına yüksəlmək üçün şans var. Ancaq bu şans daha çox sözügedən rəqiblərin bu turnirə yanaşmasından asılıdı. Onlar Avropa Liqasına tam ciddi münasibət göstərsələr, onsuz da minimal olan şanslarımız daha da azalacaq. Ancaq Konfrans Liqasına vəsiqə verən 3-cü pilləni tuta bilərik. Yunanıstan nəhəngi “Olimpiakos”la yuxarı-aşağı eyni gücə malikdir Qurban Qurbanovun komandası. Bütün hallarda, qrupda Azərbaycan çempionunu hansısa oyunda rahat 90 dəqiqə gözləməyəcək”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
İdman
14:00 / 27.08.2022
“İdmançılar bizi “razborka”ya çağırdılar” - “Qarabağ”la bağlı söz-söhbətə Ceyhun Əliyevin ŞƏRHİ
Hazırda oxunan: “İdmançılar bizi “razborka”ya çağırdılar” - “Qarabağ”la bağlı söz-söhbətə Ceyhun Əliyevin ŞƏRHİ
Hazırda oxunan: “İdmançılar bizi “razborka”ya çağırdılar” - “Qarabağ”la bağlı söz-söhbətə Ceyhun Əliyevin ŞƏRHİ
90708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.