Bu gün Pirallahı qəsəbəsinin Nərəkənd parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Xəzər dalğası” adlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, açıq suda üzgüçülük üzrə peşəkarlar və həvəskarlar mübarizə aparıblar.
Bir neçə yaş kateqoriyasına bölünən iştirakçılar 500 metr məsafəni qət ediblər. Onların arasında gənclər və idman naziri Fərid Qaibov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev də olub.
“Çətin idi. Dənizdə o qədər də tez-tez üzmürəm, daha çox hovuzda üzürəm”, deyə Fərid Qaibov finişə çatdıqdan sonra bildirib.
“Dənizdə üzmək tamam başqadır. Yanımda bir məşqçi üzdü, mənə kömək etdi, dəstək oldu. İndi daha tez-tez dənizdə üzməyə çalışacağam.
Belə bir tədbir Azərbaycanda ilk dəfədir keçirilir. Bizim dənizimiz, çaylarımız, olimpiya komplekslərində hovuzlarımız var. Biz istəyirik ki, insanlar təkcə paytaxtda deyil, bölgələrdə də üzməyi bacarsınlar.
Hər bazar günü kütləvi tədbirlər keçiririk və bunu həm Bakıda, həm də ondan kənarda davam etdirəcəyik”, deyə o, qeyd edib.
Xatırladaq ki, belə tədbirin keçirilməsi ilə bağlı anonsu Gənclər və İdman Nazirliyinin mətbuat xidməti iyunun 17-də yaymışdı və bildirmişdi ki, yarışa qoşulmaq üçün bu link (//swimming.smartscoring.com/) vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Bunun üçün 25 manat iştirak haqqı ödəmək tələb olunub.
Yeri gəlmişkən, xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:11 / 26.06.2022
2 azərbaycanlı nazir Xəzər dənizində 500 metr məsafəyə üzdü – Pirallahıda YARIŞ keçirildi
Hazırda oxunan: 2 azərbaycanlı nazir Xəzər dənizində 500 metr məsafəyə üzdü – Pirallahıda YARIŞ keçirildi
Hazırda oxunan: 2 azərbaycanlı nazir Xəzər dənizində 500 metr məsafəyə üzdü – Pirallahıda YARIŞ keçirildi
81054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.