Mingəçevirli gənc cüdoçu Fransada Avropa Kubokunu qazanıb.
Bizim.Media-nın məlumatına görə, 2004-cü il təvəllüdlü Mingəçevir Gənclər və İdman Məktəbinin cüdo məktəbinin yetirməsi İsmayıl Zamanov Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa Kubokunun qalibi olub.
Uşaqlar, yeniyetmə və gənclər arasında Azərbaycan çempionu olan İsmayıl Zamanov indiyədək Gürcüstan, Polşa və Rusiyanın Dağıstan Respublikasında keçirilən beynəlxalq turnirlərin qalibi kimi böyük uğurlara imza atıb.
Azərbaycan çempionu mili komandanın üzvüdür. Avropa Kubokunu qazanan gənc idmançının yetişməsində əvəzedilməz rolu olan məşqçi Ruslan Quliyevin verdiyi məlumata görə, Avropa Kubokunun qalibi İsmayıl Zamanov Fransada keçirilən görüşlərdə Fransa, Almaniya və Niderlanddan olan rəqiblərini məğlub edib.
Final görüşündə isə o, ukraynalı cüdoçuya qalib gəlib. Ruslan Quliyevin sözlərinə görə, idmançımız yarışdan öncə ələmə turunda Avropa cüdo festifalına da vəsiqə qazanıb.
Festifal Pribaltika respublikalarından birində keçiriləcək.
Qeyd edək ki, millinin üzvü olan qalib idmançı bir neçə gündən sonra Mingəçevirə dönəcək.
Fransadan paytaxta qayıdan Avropa çempionu öncə Azərbaycan milli komandasının təlim məşq toplanışlarında iştirak edəcək.
Xatırladaq ki, Azərbaycan idmançıları Fransada keçirilən yarışda 2 qızıl və 6 bürünc mükafat qazanıb. 90 kq-da çıxış edən digər idmançımız da Avropa Kubokunun qalibi olub.
Ehtiram Muradov, Bizim.Media