Azərbaycanın ilk “DƏMİR QADINI”: “Afrikada üzüm-gözüm qan içində bayrağımızı qaldırdım”

Hazırda oxunan: Azərbaycanın ilk “DƏMİR QADINI”: “Afrikada üzüm-gözüm qan içində bayrağımızı qaldırdım”

69841

“Yarışlara qatılmaqda əsas məqsədim Azərbaycanın üçrəngli  bayrağını öz başım üzərində ucaltmaq idi”.

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Azərbaycanın ilk “dəmir qadını” adlanan idmançı Rəbiyyə Orucova söyləyib. 

- Rəbiyyə xanım, idmana olan marağınız uşaqlıqdan var idi, yoxsa sonradan yarandı?

- Uşaqlıqdan həmişə özümü oğlan kimi aparardım. Gücüm və cəldliyimlə valideynlərimin köməyində durardım. Düzü valideyinlərim nə üçün uşaq olarkən məni hər hansı bir idman növünə yönəltmədiklərini bilmirəm. Yəqin ki ,o zaman hansısa problemlərim olub. Amma buna baxmayaraq mən ali təhsil aldığım zaman voleybol, basketbol və s idman növlərində iştirak edirdim. Bəzən karateyə də kənardan baxardım. İqtisadiyyat üzrə aldığım ali təhsili bitirdikdən sonra isə mühasibatlıqda işləyirdim. Bir gün bulvarda gəzərkən insanların orada qaçıb velosiped sürmələri diqqətimi çəkdi. Beləcə bulvarda velosiped sürməyə başladım və məndə bu həvəs yarandı. Daha sonra özümə velosiped aldım və “Saykomaniya” velosiped klubuna qatıldım. Bu klub həvəskar velosipedçilər üçün yaradılmışdı. 3-4 ildən sonra mükəmməl velosipedçi oldum və orada qazandığım təcrübələr mənə çox kömək etdi. Daha sonra kiçik idman yarışlarına qatıldım. Bir gün qaçışla bağlı da özümü yoxlamaq istədim. İlk dəfə Botanika bağındakı təlimdən sonra 17 km qaçdım və yavaş-yavaş digər ölkələrdə 21 km yəni half marafon yarışlarına qoşuldum, amma qaçışla məşqul olarkən də velosipedimi atmırdım. Həmçinin ölkəmizdə keçirilən yarımtip marafon yarışlarında da iştirak etməyə başladım. Uzun müddət onluqlarda qaldım və beləcə özümü inkişaf etdirməyə çalışdım.

- Bəs üzməyə necə başladınız? 

- Üzməyə isə nisbətən gec başlamışam. Yarışlardan birinə qatılanda bir gün bir məşqçi mənə yaxınlaşıb üzməyi öyrətməyi təklif etdi. İlk dəfə 30 yaşımın üzərində olarkən üzməyi öyrənməyə başladım və bacardım. PMD şirkəti tərəfindən təşkil olunan “Triterra Baku Tiratlon” klubuna daxil oldum və nəhayət üzgüçülük üzrə yarışlara qatıldım.Üzgüçülük üzrə məşqçim Aleksandr Mardasov Ukraynadan təşrif buyurub. Üzgüçülüyü demək olar ki, o mənə sevdirib və məşqçimin üzərimdə olan əməyini itirmədiyim üçün çox sevinirəm. Elə 2019-cu ildə mənim məşqçimin vətəni olan Ukraynın paytaxtı  Kiyevdə keçirilən yarışlarda da qalib olub Azərbaycanın ilk qadın marafonçusu adını qazanmışam.

- “Ironman” yarışlarına qatılıb nə vaxtsa Azərbaycanın ilk “dəmir qadını” adını alacağınızı əvvəllər düşünürdünüz, yoxsa ani bir qərarla bu yarışlara qatıldınız?

- Bu yarışlar üç idman növü-qaçış, velosiped və üzgüçülüyü özündə birləşdirir. Burada iştirak etmək eyni zamanda idmançıdan böyük fiziki güc tələb edir. Bütün çətinlikləri nəzərə alaraq mən  yarışlara qatılanda o mənəvi gücü öz ürəyimdə hiss edirdim və bu da məni ruhdan düşməyə qoymurdu. Ironman bizim dildə dəmir adam deməkdir. Bu yarışlara qatılmaqda əsas məqsədim Azərbaycanın bayrağını öz başım üzərində ucaltmaq idi. Çox sevinirəm ki, yarış zamanı qarşılaşdığım bütün maelələrə baxmayaraq buna nail oldum və bununla bağlı  fəaliyyətimi davam etdirmək niyyətindəyəm.

- Yarış zamanı aldığınız zədələr sizi incitmir ki? Artıq tam olaraq sağlamlığınızı bərpa etmisiniz?

- Qadınlarımızın idmana həvəslərinin artması və idman məşğuliyyətlərinə başlamaları üçün onlarda motivatsiya yaratmaq niyyətindəyəm. 

Buna görə də cənubi Afrikada keçirilən son yarışlarda aldığım zədələrdən danışmaq istəməzdim. Mən zədələnndə oradakı könüllülər mənim üzüm qanadığı zaman şəkillərimi çəkmişdilər və sonra yaxınlaşıb mənimlə selfi etdilər. Yarışlarda aldığım zədələr məni ruhdan salmırdı və əksinə olaraq güc verirdi. Həkimlərin kiçik tibbi yardımlarından sonra meydana qayıdıb yarışlarda iştirakımı davam etdirdim və bütün maneələrə baxmayaraq qalib olub üçrəngli bayrağımı başım üzərində dalğalandırmağı bacardım. Kiçik plastik rekonustruksiyaları nəzərə almasaq, qalan hər şey qaydasındadır. 

Leyla Şah, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin