Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
Bizim.Media xəbər verir ki, bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq.
Turnirin əsas favoritlərindən olan İspaniya "Real Madrid"i İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Meydan sahiblərinin heyətində Eder Militao cəzalı, Eden Azar və İsko zədəli olduğu, Xesus Valyexo isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcəklər. Qonaqlardan isə Ben Çiluel, Sesar Asplikueta və Romelu Lukaku zədə səbəbindən oynamayacaqlar.
Gecənin digər matçında Almaniya "Bavariya"sı evdə İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Münhen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və korenten Tolisso zədəlidir. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulay Dianin isə meydana matçda iştirakı sual altındadır.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. "Liverpul" İngiltərədə Portuqaliya "Benfika"sını, Madrid "Atletiko"su isə İspaniyada İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.
Bizim.Media