"Növbəti raunda keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq".
Bunu "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb: "Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik".
Qeyd edək ki, "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

































































































