UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra turnirin əsas favoritlərinin siyahısı yenilənib.
Bizim.Media xəbər verir ki, "Goal" portalının yaydığı məlumata görə, reytinq cədvəlinin zirvəsində yerdəyişmə baş verib və Münhen "Bavariya"sı birinci pilləyə yüksəlib.
İtaliyada "Atalanta"nı 6:1 hesabı ilə darmadağın edən Almaniya nəhəngi London "Arsenal"ını qabaqlayaraq baş mükafat üçün ən şanslı namizəd hesab olunub.
Üçüncü mövqedə turnirin son qalibi "PSJ", dördüncü sırada isə Madrid "Real"ı qərarlaşıb. "Barselona"nın beşinci pilləyə gerilədiyi siyahıda ilk onluğa "Atletiko", "Liverpul", "Mançester Siti", "Bodo-Qlimt" və "Qalatasaray" daxil olub. "PSJ"yə 2:5 hesabı ilə məğlub olan London "Çelsi"si isə 11-ci yerə qədər yuvarlanıb.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları martın 17-si və 18-də keçiriləcək.
Bizim.Media



































































































