Bu gün "Şahdağ" Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, həmçinin Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən olan ümumilikdə 124 idmançı iştirak ediblər.
Yarışı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyiblər.
Qeyd edək ki, Azərbaycanı bu yarışlarda milli komandanın 5 üzvü — Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edir.
Martın 8-dək davam edəcək yarışlarda U18 və U20 yaş kateqoriyalarından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

































































































