“İmişli” niyə ev oyunlarını Qubada, “Quba” isə İmişlidə oynayır? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “İmişli” niyə ev oyunlarını Qubada, “Quba” isə İmişlidə oynayır? - RƏSMİ AÇIQLAMA

599651

Məlumdur ki, “Misli” Premyer Liqasında çıxış edən İmişlinin eyniadlı futbol komandası yerli stadionun yararsız vəziyyətdə olması səbəbi ilə ev oyunlarını Quba şəhər stadionunda keçirir.

Bu günlərdə isə kuriyoz hadisə baş verib. Azərbaycanın II Liqasında çıxış edən "Quba" "Kür-Araz"la ev oyununu İmişli şəhər stadionunda keçirib.

Quba Olimpiya idman Kompleksinin stadionu oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından bu qərar verilib.

Maraqlıdır, “İmişli” öz meydançasında bəlli səbəblərdən oynaya bilmirsə, “Quba” niyə bu arenada top qovur?

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasna müraciət etdik. Liqanın mətbuat katibi Sənan Abdullayev Bizim.Media-nın sualını belə cavablandırıb:
 

““Quba” komandasının İmişlidə oynamasının səbəbi hava şəraiti ilə bağlı olub. “Quba” - “Araz-Kür” qarşılaşması ərəfəsində Qubada güclü qar yağmışdı. Qardan öncə 2 gün güclü yağış yağmışdı, daha sonra bildiyiniz kimi stadion qarla örtüldü. Qarın qalınlığı çox idi. Həmin gün stadionu təmizləmək məsələsi də gündəmdə idi. Sadəcə olaraq, bu stadionun heç də yaxşı olmayan ot örtüyü üçün ciddi risk yaradırdı. Ona görə də “Quba” komandasının bir ev oyunu qarşılıqlı razılıq əsasında İmişlidə keçirildi”.


Nəzərə alaq ki, 2025-2026-cı futbol mövsümünün əvvəllərində məlumat verilmişdi ki, “İmişli” stadionu ən qısa zamanda müasir tələblər səviyyəsində qurulacaq. Lakin ötən müddətdə bu reallaşmadı və “İmişli” 7 aydır ki, “köçkün həyatı” yaşayır.

Bu məsələyə də münasibət bildirən Sənan Abdullayev bildirib ki, hər gün demək olar ki, Quba OİK stadionuna  baxan şəxslərlə və "İmişli" klubu ilə əlaqə saxlanılır:

“Qazonun növbəti oyunlara  hazır vəziyyətə gətirilməsi üçün işlər gedir və ümid  edirik ki, fors major hal olmazsa, hər şey plana uyğun şəkildə icra  olunacaq. “İmişli” klubunun azarkeşlərinin hisslərini anlayışla qarşılayırıq. Peşəkar Futbol Liqası olaraq hər klubun öz meydanında oynaması bizim də arzumuz, hədəfimizdir.

“İmişli” klubu məlum olduğu kimi Quba Olimpiya Kompleksinin stadionunda çıxış edir. Klubun İmişliyə nə zaman qayıdacağı ilə bağlı suala cavab olaraq klubun prezidenti Kamran Eyyubov mətbuata son açıqlamasında bildirib ki, doğma məkanda yeni stadion tikiləcək. Hazırkı durumda isə komanda hələ ki, Qubada oynamağa davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin