Azərbaycan klublarının azarkeş formaları niyə BAHADIR?

Hazırda oxunan: Azərbaycan klublarının azarkeş formaları niyə BAHADIR?

599464

Azərbaycanda futbola maraq artıb. Bunu ölkə çempionluğu üçün keçirilən oyunlarda qeydə alınan azarkeş sayından da görmək mümkündür. Son illər futbol təkcə idman deyil, həm də böyük kommersiya sahəsinə çevrilib. Bu prosesin ən açıq nümunələrindən biri klubların azarkeşlər üçün istehsal etdiyi rəsmi formalar, aksesuarların da qiymətlərində özünü göstərir.
 

Azərbaycanda futbol klublarının rəsmi azarkeş formaları əsasən klub mağazaları və onlayn satış platformaları vasitəsilə təqdim olunur.  Azərbaycanda “Neftçi”, “Qarabağ”, “Sumqayıt” və digər futbol klublarının azarkeş formalarının qiyməti 90-200 manat arasındadır. Ad, imza əlavə etdikdə isə daha baha satılır. Məsələn, “Qarabağ” klubunun xüsusi imzalı formaları 500 manat dəyərindədir.


Avropa və dünya futbolunda isə azarkeş formalarının qiymətləri daha yüksəkdir. Mövsümsonu endirimlər zamanı bu məbləğ azalır. Dünya futbolunda forma satışları klubların illik büdcəsində mühüm paya malikdir. Məsələn, Avropanın aparıcı klubları hər mövsüm forma satışlarından on milyonlarla avro gəlir əldə edir.

Azərbaycanda azarkeş formalarının qiymətləri dünya nəhəngləri ilə müqayisədə nisbətən əlçatan görünsə də, yerli alıcının gəlir səviyyəsi nəzərə alındıqda bu məbləğlər də az deyil. Formaların baha olması stadionadakı azarkeş görüntüsünə də təsir edir. Belə ki, azarkeşlərdə kluba aid forma və aksesuar olmadığı üçün kimin hansı klubu tutması ilk baxışdan aydın olmur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, azarkeşlər üçün formalar əlçatan olmalıdır:

“Ötən il Barselonada oldum, onların çempion klublarının formalarının necə endirimlə satıldığını gördüm. Həftənin müəyyən günləri ayrılıb, həmin günlərdə çox böyük endirimlə futbol klublarının formaları satılır. Futbolun həvəskarı və tərəfdarı deyiləm. Lakin formalar komandaları dəstəkləyənlər üçün daha ucuz, əlçatan omalıdır. Bu, çox bahadır. Klublar gərək qiymətləri çox endirsin, öz azarkeşlərinə daha ucuz forma verilməsinə nail olsunlar”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin