Bir müddət əvvəl “Araz Naxçıvan”dan ayrılan Eyyub Allaş mətbuata klubla bağlı qalmaqallı açıqlama verib. O, konkret olaraq klubu onun maaşını ödəməməkdə ittiham edərək, hətta zədələndikdən sonra əməliyyatı öz hesabına etdiyini vurğulayıb.
Bundan başqa, Allaş təyyarə biletlərini belə özü aldığını deyərək “Araz Naxçıvan”ı qeyri-peşəkarlıqda ittiham edib.
Məsələ ilə əlaqədar “Araz Naxçıvan”la əlaqə saxladıq. Klubun icraçı direktoru Eldəniz Yusifov Bizim.Media-ya açıqlamasında Eyyub Allaşın ittihamlarını əsassız adlandırıb:
“Əvvəla onu deyim ki, bu məsələ ilə bağlı bizim Eyyub Allaşla dəfələrlə söhbətimiz olub. O, özü hüquqi məsələlərlə bağlı vəkil vasitəsilə bizə müraciət etmişdi. Futbolçu Bakıda olanda da, məlum məsələlərlə bağlı danışıq aparmışıq. Klubun ona olan 1 aylıq maaş borcu ödənilib.
Vəsaitin futbolçuya gec çatması isə onun özünün Bakıya gec qayıtması ilə əlaqədar olub. O, ötən il aprelin 30-da əməliyyat olunsa da, Bakıya yalnız oktyabr ayında gəlib. Bu müddət ərzində o, xahiş etmişdi ki, öz ölkəsində bərpa prosesi keçsin, əməliyyatı edən həkimlərin nəzarətində olsun. Biz də futbolçunun istəyinə uyğun qərar verdik.
Amma bununla belə biz onun əməliyyat və bərpa xərclərini razılaşdırmışdıq. Mətbuatda bununla bağlı yazılanlar düzgün deyil. Bizim klub kifayət qədər peşəkar komandadır. Sadəcə olaraq Eyyub Allaş əməliyyat və bərpa xərcləri ilə bağlı bizim göndərdiyimiz sənədlərə vaxtında qol çəkməyib. Biz artıq bilirik ki, Eyyub Allaşa nə qədər borcumuz var. Gecikmənin səbəbi sırf futbolçunun özü ilə bağlıdır. Onun müqaviləsi bitib və köçürmənin olması ilə bağlı müəyyən sənəd tələb olunur.
Sadəcə Allaş və onun vəkili bu sənədlərə qol çəkməyiblər. Futbolçu ilə daim əlaqə saxlayırıq. Allaşa olan borcumuz mövsümün sonuna qədər ödəniləcək. “Araz Naxçıvan” 2023-cü ildən bəri bütün futbolçularla bağlı öhdəliklərimizi yerinə yetirib. Bizim klub futbolçularla ən az problem yaşayan klubdur”.
Rəşad Rafiqoğlu, Bizim.Media































































































