“Sevinirəm ki, doğma divarlar arasında medalsız qalmadım”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanan tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Tofiq Əliyev deyib.
O, qızıl mükafat qazana bilməməsinin səbəbini açıqlayıb:
“Finalda əzələlərim yorğun idi. Ona görə də çətin elementlərdən istifadə edə bilmədim. Doğma azarkeşlər qarşısında medalsız qalmaq istəmirdim. Hətta “qızıl” da qazana bilərdim. Sadəcə hakimlərin yekun qərarına əsasən, keçid elementində ayaqlarımı bükdüyüm üçün 0,16 xalım silindi”.
İdmançı komanda yoldaşı Mixail Malkinin fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına da münasibət bildirib:
“Onun təcrübəsi məndən qat-qat çoxdur. İlk dəfədir fəxri kürsüdə yan-yana idik. Startı iki medalla verdiyimizə görə də xoşbəxtik”.
Gimnast növbəti hədəflərindən söz açıb:
“Qarşıda bizi Portuqaliyada Avropa çempionatı gözləyir. Ümid edirəm ki, orada həm komanda hesabında, həm də fərdi mübarizədə yer tuta bilərik. Həmçinin apreldə Danimarkada keçiriləcək “FaceOff” turnirinə də dəvət olunmuşam. Fərqli atmosferə malik yarışdır. Təcrübəmə təcrübə qatacağıma inanıram”.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi Dünya Kubokuna bu gün yekun vurulacaq.
Bizim.Media

































































































