Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

Hazırda oxunan: Milli Olimpiya Komitəsi Ermənistan idmançıları ilə bağlı BOK-a ETİRAZ ETDİ

594817

Milli Olimpiya Komitəsi XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin – Karina Akopova cütlüyünün yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə etməsini ciddi narahatlıqla qarşılayıb.

Bizim.Media xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinə Ermənistan idmançılarının bu addımı ilə bağlı öz etirazını bildirib.

BOK rəsmilərinin diqqətinə çatdırılıb ki, “Arsax” ifadəsi uzun illər ərzində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri ilə bağlı Ermənistanın apradığı qeyri-qanuni və separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir.
 

Bu baxımdan, Olimpiya Oyunları kimi siyasətdən kənar qalmalı olan beynəlxalq idman tədbirində belə bir proqram seçimi açıq şəkildə siyasi və ideoloji məna daşıyır və Olimpiya dəyərlərinə ziddir.


Qeyd edilib ki, Olimpiya Xartiyasının əsas prinsiplərinə əsasən, Olimpiya Oyunlarında hər hansı siyasi, ideoloji və separatçı təbliğata yol verilməməlidir.

Beynəlxalq Olimpiya Komitəsinin missiyalarından biri də idmanı siyasətdən kənar saxlamaq, idmançıların və yarışların siyasi məqsədlər üçün istismarına qarşı çıxmaqdır.

Bu cür hallar Olimpiya Oyunlarının ruhuna, idman etikası və beynəlxalq idman prinsiplərinə zərər vurur, Olimpiya Hərəkatının neytrallıq prinsipini pozur, eyni zamanda regionda sülh və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Milli Olimpiya Komitəsi öz etirazında bir daha bildirib ki, Olimpiya Oyunları sülhün, dostluğun və xalqlar arasında qarşılıqlı hörmətin rəmzlərindən biridir, bu platformadan siyasi və separatçı təbliğat məqsədləri üçün istifadə etmək yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin