“Qarabağ”ın “Liverpul”a məğlubiyyətinin hansı faydası OLACAQ?

Hazırda oxunan: “Qarabağ”ın “Liverpul”a məğlubiyyətinin hansı faydası OLACAQ?

593381

Xəbər verdiyimiz kimi ötən gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxıb. Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşıb.

"Enfild" stadonunda keçirilən görüş "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu ağır məğlubiyyət hər birimizi üzdü.

Çünki hər kəs komandamızdan daha yaxşı nəticə gözləyirdi. Könül istərdi ki, “Qarabağ” qələbə qazansın. Ya da heç olmasa komandamız “Qalatasaray” ın “Mançester Siti”-yə uduzduğu kimi (0:2) uduzardı. “Kayrat”ın “Arsenal”a məğlub (2:3) olduğu məğlub olsa idi də bu qədər üzülməzdik. Çünki 0:6 hesablı məğlubiyyət tarixdə qalacaq statistikadır.

Üstəlik, komanda olaraq “Qarabağ” “Liverpul”a daha yaxşı müqavimət göstərsəydi və oyunçularımızdan kimsə rəqib qapısına yol tapsaydı, bu da bir tarix olardı. Yəqin ki, oyunçularımızdan kimsə “Enfild”də qol vursaydı, tarixə düşəcəkdi. Çünki bu da Azərbaycanın idman tarixində bir ilk olardı.

Amma olmadı...

Daha doğrusu alınmadı. Oyunçularımız güclü rəqib qarşısında Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirə bilmədilər.

Əslində rəqib komandanın baş məşqçisi “Qarabağ”ı çox yaxşı təhlil etmişdi. Məlumdur ki, Ağdam təmsilçilərinin ən güclü tərəfi orta sahədir. Müdafiə və hücum xətti o qədər də güclü deyil. Ötən oyunlarda da gördük ki, komandamız orta sahəyə sahiblənəndə qələbəyə nail olur. Bu dəfə isə orta sahə rəqibin tam nəzarətində idi. Ona görə də komandamız nəinki kəsərli hücum təşkil edə bilmədi, eyni zamanda futbolçularımız topa nəzarəti bütünlüklə “Liverpul” futbolçularına verdi.

Təbii ki, bu məğlubiyyətdə əsas səbəb səviyyə, keyfiyyət fərqi idi.

“Qarabağ” dünyanın TOP-5 komandasından biri ilə olan “Liverpul”la bərabər səviyyədə mübarizə aparmaqdan hələ ki, çox uzaqdır. Rəqib komandanın bir oyunçusunun bazar qiyməti bizim komandamızın bütün heyətinin qiymətindən dəfələrlə bahadır. Bir sözlə “Qarabağ”ın bu məğlubiyyətində təəccüblü heç nə yoxdur.

Sadəcə əvvəlki 7 turda komandamızın göstərdiyi performans çoxumuzda ümid yaratmışdı ki, “Qarabağ” “Liverpul”dan xal ala bilər. Amma unudurduq ki, bu qarşılaşma rəqib üçün həyati əhəmiyyət kəsb edirdi. Çünki ingilislər bu oyunda xal itirsəydilər, ilk səkkizliyə düşə bilməyəcəkdilər. “Qarabağ” üçünsə belə bir zərurət yox idi. Onsuzda öncəki turda komandamız pley-off mərhələsinə keçidi həll etmişdi.

“Qarabağ”ın məğlubiyyətinin müsbət tərəfləri

Nə qədər qəribə olsa da, bu məğlubiyyət komanda olaraq toparlanması üçün “Qarabağ”a lazım idi. Nəzərə alaq ki, əvvəlki oyunlarda qazanılan qələbələr oyunçularda bir qədər arxayınçılıq yaranmışdı. Bu arxayınçılığın acı nəticəsini “Ayaks”la qarşılaşmada da gördük.

Əgər Ağdam təmsilçiləri bu gecəki oyunda daha az fərqlə uduzsa və hətta xal qazansa idi, oyunçularda bir arxayınlıq yarana bilərdi. Bunun da acı nəticəsini növbəti oyunlarda daha aydın görə bilərdik. Amma bu ağır məğlubiyyət komandanı və onun rəhbərliyini yaxşı mənada silkələdi.

Xüsusilə də, baş məşqçimiz komandamızın oyunundakı boşluqları daha aydın şəkildə görə bildi. Təsadüfi deyil ki, oyundan sonra Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib ki, futbolçularımız tam əmin oldular, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik:

“0:6 məğlub olsaq da, çox sevincliyəm. İlk 24-lüyə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0-1, 0-2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".

Qeyd edək ki, Ağdam təmsilçisinin rəqibi “play-off”da ya “PSJ” ya da “Nyukasl” olacaq. Bununla bağlı püşkatma yanvarın 30-da keçiriləcək.

"Pley-off"da ilk oyunlar 17-18 fevral, cavab oyunları isə 24-25 fevral 2026-cı il tarixlərində oynanılacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin