Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu posta Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna gətirilib. Milli komandanın böyük məşqçisi vəzifəsinə isə Nurəddin Rəcəbov təyin edilib.
Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alacaq.
Qeyd edək ki, İran yığması London-2012 Olimpiya Oyunlarında Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında 1 qızıl və 1 bürünc medal qazanıb.
2011-ci ildə FİLA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilmiş Bəna İranda "Cəsarət" ordeni ilə təltif edilib.
Dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən sayılan mütəxəssisin fəaliyyəti sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.
Bizim.Media



































































































