Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb. Klublar bir-bir hazırlıq planlarını açıqlayır və təlim-məşq toplanışlarını harada keçirəcəklərini müəyyənləşdirirlər. Artıq bir çox komandanın qış hazırlığını harada keçirəcəyi dəqiqləşib.Ancaq “Araz Naxçıvan” onların arasında yoxdur.
Komandanın qış planlarını öyrənmək məqsədilə klubla əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Bizim.Media-ya açıqlamasında hazırlığın Bakıda keçiriləcəyini açıqlayıb:
“Qış hazırlıq planımız artıq bəllidir. Komanda mövsümün qalan hissəsinə Bakıda hazırlaşacaq. Futbolçular yanvarın 5-də bir araya gələcəklər. Toplanış çərçivəsində iki hazırlıq oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər hələ ki, bəlli deyil”.
Qeyd edək ki, “Araz Naxçıvan” bir neçə gün əvvəl baş məşqçi Elmar Baxşiyevlə yollarını ayırıb. Hazırda komanda məşqçi axtarışındadır. Klubun yeni çalışdırıcısının əcnəbi olacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media




























































































