Rusiya dağılsa, təxminən 7 milyon kvadrat kilometr ərazini əhatə edən Uzaq Şərq “itirilməməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Çin mətbuatının yaydığı məqalədə yer alıb.
Mənbə xatırladır ki, Pekin müqaviləsinə əsasən Rusiya Ussuri çayının şərqində yerləşən, o cümlədən Vladivostok və Saxalin adasını əhatə edən təxminən 400 min kvadrat kilometr ərazini əldə edib, bunun nəticəsində Çin 1 milyon kvadrat kilometrdən çox ərazi itirib və bu, onun şimal-şərq sərhədlərinin müdafiəsini zəiflədib.
Qeyd olunur ki, Rusiya iqtisadiyyatı durğunluq yaşayır, ölkənin ÜDM-i Çinin bir əyalətinin ÜDM-indən də azdır, qiymətlər isə artmaqda davam edir. 2022-ci ildə başlayan Ukrayna münaqişəsi əsas Rusiya qoşunlarının qərbə köçürülməsinə səbəb olub.
Məqalə müəllifinin iddiasına görə, Uzaq Şərqdə 50 mindən az hərbçi qalıb.
Bununla yanaşı, region qızıl, almaz, neft və digər resurslarla zəngindir və Rusiyanın milli istehsalının əhəmiyyətli hissəsini təşkil edir. Çinli juranlistin fikrincə, müharibə Rusiya hökumətinin maliyyə vəziyyətini sarsıdıb və bu, onun Uzaq Şərqin problemlərinə diqqət ayırmasına imkan vermir.
Nəşrdə deyilir ki, Çin enerji daşıyıcıları çatışmazlığı ilə üzləşir və Uzaq Şərqdən çəkilən qaz kəmərləri hər il 38 milyard kubmetr qaz nəql edərək ölkənin tələbatının təxminən 10 faizini ödəyir.
Rusiyanın mərkəzi hakimiyyətində xaos yaranarsa, Uzaq Şərqdə problemlər ortaya çıxa bilər və bu prosesləri ABŞ və Yaponiya diqqətlə izləyəcək.
Çin mətbuatı vurğulayır ki, ölkə artıq uzun illərdir Uzaq Şərqin həyatında fəal iştirak edir: Çin şirkətləri yollar və limanlar tikir, faydalı qazıntıların çıxarılması və kənd təsərrüfatı ilə məşğul olur, yuan isə regionda, o cümlədən WeChat vasitəsilə kiçik bizneslər tərəfindən getdikcə daha çox istifadə olunur.
Eyni zamanda qeyd edilir ki, Uzaq Şərqin güc yolu ilə ələ keçirilməsi yolverilməzdir, çünki bu, Krım nümunəsində olduğu kimi qlobal mühasirəyə gətirib çıxarar. Bunun əvəzinə investisiyaların davam etdirilməsi, uzunmüddətli müqavilələrin bağlanması, Çinmeyilli qüvvələrin dəstəklənməsi və iqtisadi mövcudluğun genişləndirilməsi təklif olunur. Bildirilir ki, regionda az əhali yaşayır, zəif infrastrukturu var. Rusiya isə onu səmərəli şəkildə təkbaşına idarə edə bilmir.
Həmçinin Uzaq Şərqdə əhalinin ciddi azalmasından danışılır və yerli əhalinin narazılığına səbəb olmamaq şərti ilə Çin miqrantlarının cəlb edilməsi imkanları qabardılır.
Vurğulanır ki, Çin “ərazi boşluqlarının həmişə doldurulduğunu” nəzərə alaraq ən pis ssenariyə hazır olmalıdır.
Ümumilikdə, Çin mətbuatının qiymətləndirməsinə görə, rəsmi Pekinin Uzaq Şərqlə bağlı planları uzunmüddətlidir.
Bizim.Media






































































































