İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah 3 oyunda ehtiyatda qalmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, misirli hücumçu buna görə məyus olduğunu söyləyib.
Forvard oynamamağının səbəbini bilmədiyini vurğulayan futbolçu deyib: “İnana bilmirəm, bu klub üçün əlimdən gələni etdim. Bunu geridə qalan illər ərzində, xüsusilə ötən mövsüm hər kəs aydın şəkildə gördü. Ehtiyatda qalmaq... Həqiqətən səbəbini bilmirəm”.
Salah “Liverpul”un baş məşqçisi Arne Slotla münasibətlərinin əvvəllər yaxşı olduğunu, hazırda isə həmin münasibətdən əsər-əlamət qalmadığını söyləyib:
“Açığı, bu, mənim üçün qəbulolunmaz vəziyyətdir. Belə işlərin niyə həmişə mənim başıma gəldiyini bilmirəm. Yanaşma belədir ki, problem varsa, Salaha görədir, onu alovun içinə ataq. Mən isə problemin mənimlə bağlı olduğunu düşünmürəm”.
Futbolçu ötən gün anasına zəng edərək, onu “Brayton”la oyuna dəvət etdiyini bildirib:
“Anama dedim ki, stadiona gəl, oynayıb-oynamamağımın fərqi yoxdur. Beynimdə ancaq bir fikir var ki, mən bu matçdan zövq alacağam. Görək, nələr olacaq. “Enfild” stadionunda keçiriləcək oyun Afrika Millətlər Kuboku öncəsi İngiltərədə son matçım olacaq”.
Qeyd edək ki, “Liverpul” ötən gün Premyer Liqada “Lids”lə 3:3 hesablı heç-heçə edib.
Bizim.Media


































































































