Argentina millisinin hücumçusu Lionel Messi idman karyerasında 48-ci kubokunu qazanıb və "İnter Mayami"nin heyətində Amerika Peşəkar Futbol Liqasının (MLS) çempionu olub.
Bizim.Media xəbər verir ki, pley-off-un final matçında onun komandası "Vankuver"i 3:1 hesabı ilə məğlub edib.
Messi komandanın ikinci və üçüncü qollarında iki qol ötürməsi ilə yadda qalıb.
38 yaşlı argentinalı "İnter Mayami"nin heyətində dördüncü titulunu qazanıb. O, 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir. Daha əvvəl hücumçu "İnter Mayami" ilə Şimali Amerika Liqasının Kubokunu (2023), MLS-nin müntəzəm çempionatını (2024) və pley-offun Şərq Konfransını qazanmışdı.
Messi ən çox titulu "Barselona"da (35) əldə edib. İspaniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionatını, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Milli komanda ilə Messi 6 titul əldə edib: dünya çempionu (2022), Amerika Kuboku qalibi (2021, 2024), Olimpiya Oyunlarının qalibi (2008), "Finalissima" (2022) və 20 yaşadək futbolçular arasında dünya çempionu (2005).
Bizim.Media
































































































