Türkiyədə futbolda "mərc etmək və matçlara təsir etmək" ittihamı ilə istintaqa cəlb edilən “Eyüpspor” klubunun prezidenti Murat Özkaya və hakimlər Erkan Arslan, Nevzat Okat və Yakup Yapıcı barəsində həbs qərarı çıxarılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 19 nəfər barəsində “futbol matçlarına mərc etmək və təsir etmək” ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Yasin Şen, Şenol Bektaş, Sabri Emin Tekin, Miraç Yıldırım, Cihat Buyurkan və Mustafa Özen haqqında məhkəmə nəzarəti qərarı verilib.
Məlumata görə, saxlanılanlardan 6 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, digərləri barəsində isə istintaq tədbirləri davam etdirilir.
İstintaq hakimlərin və idman dairələrindəki bəzi şəxslərin onlayn mərc platformalarına üzv olması və bu fəaliyyətlər vasitəsilə maliyyə qazancı əldə etməsi şübhələri əsasında başlanıb.
Türkiyə Futbol Federasiyası və Ədliyyə Nazirliyinin də proseslə bağlı koordinasiyalı şəkildə məlumatlandırıldığı bildirilib.

Bizim.Media



































































































