Yay transfer dönəminin fəal komandalarından olan “Neftçi” heyətini gücləndirməkdə davam edir.
Bizim.Media xəbər veirir ki, paytaxt klubu dayaq yarımmüdafiəçisi İdrissa Dumbiya ilə danışıqları yekunlaşdırıb.
Fil Dişi Sahilidən olan 27 yaşlı orta sahə oyunçusu ilə uzun müddətdir danışıq aparan “ağ-qaralar”, nəhayət ki, onunla ortaq məxrəcə gəlib. Tərəflər arasında müqavilənin bütün detalları artıq razılaşdırılıb.
İndi qalır münasibətləri rəsmiləşdirmək. Bunun üçün milli komandaların oyunları ilə bağlı yaranmış fasilə dönəmində – yəni bu həftəsonu futbolçu Bakıya gələcək. Dumbiya rəsmi müqaviləyə qol çəkdikdən sonra yeni komandası ilə məşqlərə qoşulacaq.
Yay fasiləsində Qətərin “Əl-Əhli” klubundan ayrılan oyunçu “Neftçi”yə azad agent kimi keçəcək.
Qeyd edək ki, İdrissa Dumbiya karyerası ərzində “Anderlext”, “Axmat”, “Sportinq”, “Hueska”, “Alanyaspor” kimi klublarda çıxış edib.
Bizim.Media

































































































