“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Komandanın rəqibi İngiltərənin “Çelsi” klubudur.
Ötən tur səfərdə “Atletik” Bilbaoya məğlub olduqdan sonra azarkeşlər Ağdam təmsilçisindən doğma meydanda qələbə və baxımlı oyun gözləyir.
Ancaq təbii ki, oyun çətin olacaq. Çünki rəqib sıradan bir klub yox, İngiltərənin və dünyanın sayılıb-seçilən klublarındandır.
Futbol mütəxəssisləri də “Çelsi” ilə görüşdə “Qarabağ”ın çətinlik çəkəcəyini düşünür.
Bizim.Media-ya açıqlama verən məşqçi Füzuli Məmmədov “Çelsi”nin çox güclü komanda olduğunu bildirib:
“Qarabağ” doğma publika qarşısında oynasa da, çox güclü bir kollektivə qarşı mübarizə aparacaq. “Çelsi” Enzo Mareskanın gəlişindən sonra müasir futbol oynayır. Heyət sanki bir-birini tamamlayır. Həm hücumda, həm müdafiədə keyfiyyətli futbol nümayiş etdirirlər.
Hücumda xüsusilə Joao Pedro, Enzo Fernandes, Netu və Qarnaço çox təhlükəli oyunçulardır.
Onların əsas üstünlükləri cinah hücumlarıdır. “Çelsi” müdafiədə də çox aqressiv oynayır, həmçinin rəqibin üzərinə gedərək pressinq edir. Bir sözlə “Qarabağ” çox diqqətli olmalı, təhlükəsiz oynamağa çalışmalı, səhvə yol verməməlidir.
İnanıram ki, Qurban Qurbanov da rəqibi düzgün təhlil edib. Ona görə də əminəm ki, “Qarabağ” layiqli oyun nümayiş etdirəcək. Ağdam klubu “Çelsi”dən xal ala biləcək komandadır”.
“Ağdam təmsilçisi məğlub olmayacaq”
Millimizin keçmiş baş məşqçisi Arif Əsədov isə “Çelsi”nin favorit olduğunu bildirsə də, “Qarabağ”ın doğma meydan amilindən istifadə edə biləcəyini diqqətə çatdırıb:
“Bu gün azarkeşlər stadionu tam dolduracaqlar. Təbii ki, bu komanda üçün yaxşı dəstəkdir.
Həm də Ağdam klubu artıq Çempionlar Liqasında iki oyunda qələbə qazanıb ki, bu da komandanın gücündən xəbər verir.
Məncə, komandada yaxşı özünəinam hissi yaranıb. “Qarabağ” yaxşı oyun göstərib xal qazanmaq iqtidarındadır. Ancaq çox çətin olacaq.
Komanda taktiki baxımdan oyunu düzgün qurub, rəqibə boşluq verməməlidir. Həmçinin “Qarabağ”ın yaxşı hücum potensialı var ki, bu hər bir rəqibə ciddi təhlükə yarada bilər.
Uğurlar arzulayıram və hesab edirəm ki, “Qarabağ” ən azından bu oyunda məğlub olmayacaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































