“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “İmişli”yə qalib gəldikləri oyunla (2:0) bağlı danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını belə şərh edib:
“Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razılıq verdi. Çox vacib qalibiyyət idi. ‘İmişli’ intizamlı komandadır. İlk hissədə düzgün müdafiə etdilər, təhlükəli əks-hücumlar etdilər və penalti qazandılar. Amma oyundan qopmadıq, sona qədər çalışdıq. İkinci hissədə temp artdı, topdan daha tez oynamağa başladıq və sonda qələbə qazandıq. Qarşıdakı matçlarda da liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. ‘İmişli’yə də uğurlar arzulayıram.”
 
Baş məşqçi əvəzetmələrlə bağlı sualı cavablandırarkən bildirib: “Hər bir futbolçunun oyun vaxtına ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlarda 60 dəqiqə azdır. Oyunun gedişatına görə dəyişiklik etdik. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.”
Qurbanov, Premyer Liqa klublarının taktikasını analiz edərək əlavə edib: “Yenilik tətbiq etməyə ehtiyac yoxdur. Futbol pas oyunudur, diqqətimizi onu yaxşılaşdırmağa yönəldirik. Daha yaradıcı oynamaq istəyirik ki, qol şanslarımız çox olsun.”
Transfer siyasəti barədə isə Qurbanov qeyd edib: “Neftçi” ulduz futbolçu gətirirsə, biz fərqli strategiya izləyirik. Keyfiyyətli oyunçulara həmişə üstünlük veririk. Şansımız olarsa, istifadə edəcəyik.”
Baş məşqçi “Çelsi” ilə qarşıdakı oyun barədə danışarkən bildirib: “Bu oyunçularımız üçün əlavə motivasiya və məsuliyyətdir. “Çelsi”dünyanın ən bahalı komandasıdır, dinamikliyi yüksəkdir. Bu, komandamız üçün stimul olacaq.”
Qurbanov həmçinin azarkeşlərin roluna diqqət çəkib: “Azarkeşlər futbolun bəzəyidir. Meydanda yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Ümid edirəm ki, qarşıdakı illərdə stadionlar daha dolu olacaq.”
Mütəxəssis “Çelsi”nin keçmiş və indiki heyətini müqayisə edərkən belə deyib: 
“Fərq məşqçilərdədir. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.
Bizim.Media
































































































