Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra batut gimnastları daha bir irimiqyaslı yarışa - dünya çempionatına hazırlaşırlar.
Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışda batutçulara tamblinq və ikili mini-batut üzrə idmançılar da qoşulacaq. Batutçular yarışda sinxron proqramda da qüvvələrini sınayacaqlar.
Bakıda 33 ölkədən 266 idmançı 51 dəst medal uğrunda mübarizə aparacaq. Onlardan 160 nəfəri batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.
Batut gimnastikası (fərdi proqram)
Kişilərin mübarizəsində əsas favoritlər Belarus təmsilçisi, hazırkı Olimpiya çempionu İvan Litvinoviç və Tokio-2020-nin bürünc medalçısı Dilan Şmidtdir (Yeni Zelandiya).
Yarışda həmçinin dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov, Mixail Melnik (hər ikisi Rusiya Gimnastika Federasiyası) və Morante Allen (Fransa) çıxış edəcəklər.
Qadınların fərdi yarışlarında isə favorit sonuncu Olimpiya Oyunlarının bürünc medalçısı britaniyalı Brioni Peycdir.
2017-ci ildə keçirilən dünya çempionatının qalibi, 40 yaşlı Belarus təmsilçisi Katrina Petreniyanın da mundialın iştirakçıları arasında olduğunu vurğulamalıyıq.
Batut gimnastikası (sinxron proqram)
Sinxron cütlüklərin yarışında Yaponiya təmsilçiləri - dünya çempionu Takaqi Yumi və Tamura Narumi mükafatçılar sırasında yer almağa çalışacaqlar. Kanadalı gimnastlar - dünya çempionatının mükafatçıları Milyet Sara və Meto Sofiane, belaruslu cütlük Katrina Petreniya və Viktoriya Kuidan da medallara iddialıdırlar.
Kişilərin sinxron proqram üzrə yarışlarında təcrübəli batutçular rusiyalı Dmitri Uşakov və Nikita Fedorenka gənc rəqiblərini üstələməyə çalışacaqlar.
İkili mini-batut
İkili mini-batut yarışlarında dəfələrlə dünya çempionu Mixail Zalomin (Rusiya Gimnastika Federasiyası) və ikiqat dünya birincisi Lina Syoberq (İsveç) əsas favoritlərdir.
Tamblinq
Mundialda Azərbaycanın yeganə təmsilçisi Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi Mixail Malkin olacaq. O, tamblinq üzrə yarışlarda fəxri kürsüdə yer almağa çalışacaq. 25 yaşlı idmançımızın əsas rəqiblərinin dünya çempionları rusiyalı Vadim Afanasev və Aleksandr Lisitinin olacağı gözlənilir.
Qadın tamblinqçilərdən isə son dünya çempionatının qalibi rusiyalı Viktoriya Danilenko və dünya ikincisi britaniyalı Şanis Devidson daha iddialı təsir bağışlayırlar.
Qeyd edək ki, dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək.
Bizim.Media