"Oyunöncəsi əhval ruhiyyə yaxşıdır. Nəticəni meydanda oyun bəlli edəcək. Uğurlu nəticəyə ümd edirik”.
Bunu Bizim.Media-ya UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” - “Qarabağ” oyunu öncəsi artıq Almatıda olan “Qarabağ” Klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
Onun sözlərinə görə, Bədavi Hüseynov, Xayme Romero və Qaspar Zamanov oyuna qatılmayacaq.
Nə qədər tamaşaçının oyunu izləyəcəyinin gözlənildiyinə gəldikdə, Gündüz Abbaszadə Kazaxstanda oyuna marağın böyük olmadığının söylənildiyini bildirib. Bilet satışı ilə bağlı hər hansı məlumata malik olmadığını da deyib.
Stadionda “Qarabağ”ın azarkeşləri olacaqmı?
Ağdam klubunun sözcüsü Qazaxıstanda yaşayan soydaşlarımızın oyuna maraq göstərdiyini bildirib:
“Biz onlar üçün məlumat paylaşmışıq. Qeyd edim ki, “Qarabağ” azarkeşləri üçün stadionun 26, 27 və 28-ci sektorlarda yer ayrılıb. Fürsətdən istifadə edib, müraciət edirəm ki, burda “Qarabağ”ı dəstəkləmək istəyənlər varsa, məhz bu sektorlara bilet alsınlar. Biletlərin qiyməti 2 min tengedir, bu isə təxminən 8 manat edir”.
Xatırladaq ki, sabah Qazaxıstanda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
“Qarabağ”ın oyunçularından Abdulla Zubir də zədəli olduğu üçün oyuna qatılmaya bilər. Sağlamlıq durumundan asılı olaraq onunla bağlı oyunöncəsi qərar veriləcək.
Xatirə Nəsirli, Bizim.Media