Oktyabrın 31-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edəcək. 15 xala malik əyalət təmsilçisi "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Rusiyalı Murad Musayevi baş məşqçi postuna təyin edən paytaxt klubu 4 xalla sonuncu - 8-ci sıradadır. “Qəbələ” son iki qarşılaşmada rəqibinə 2 qol vurub və uduzmayıb. “Sabah”ın səfərdəki son üç görüşündə ən azı 3 qol qeydə alınıb. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da start götürəcək.
Turun son matçında "Sumqayıt" klubu "Səbail"lə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 8 xalla 6-cı, "dənizçilər" isə 9 xalla 5-cı yerdədir.
Qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək və saat 18:15-də start fiti səslənəcək.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.
Bizim.Media