“Mən İlqar Məmmədova hüquqlarımı müdafiə etdiyi üçün böyük minnətdarlığımı bildirirəm. O, mənim yenidən idmana qayıtmağım üçün əlindən gələn hər şeyi edir”.
Bizim.Media xəbər verir ki, bu sözlərlə erməni idmançı öz İnstaqram səhifəsində azərbaycanlı baş məşqçisinə təşəkkür edib.
Belə ki, Qılıncoynatma üzrə ikiqat Olimpiya çempionu erməni əsilli idmançı Yana Yeqoryan Moskva Olimpiya İdman Təlim Mərkəzindən səbəbsiz yerə qovulduğunu deyib. Erməni idmançı bildirib ki, Olimpiya mərkəzi onun bu illər ərzində Rusiya idmanına gətirdiyi uğurlarını nəzərə almayıb.
"Onlar məni lazımsız bir it kimi kənara tulladılar. Dəstəkçim isə ancaq İlqar Məmmədov oldu”.
Yegoryan müraciətində həmçinin qeyd edib ki, o, avqust ayında Mərkəzin direktoru Denis Zuyev tərəfindən işdən qovulub. Buna səbəb isə Yeqoryanın son Rusiya çempionatında iştirak etməməsi göstərilib.
İdmançı isə mərkəzin direktorunun açıqlamasına aydınlıq gətirərək bildirib ki, həmin ərəfələrdə o, hamilə olub.
Rusiya Qılıncoynatma Federasiyasının (FFR) vitse-prezidenti İlqar Məmmədov isə İnstaqram səhifəsində Yana Yeqoryana sona qədər dəstək olacağını yazıb.
Vüsalə Balayeva, Bizim.Media