Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı bu gündən etibarən hər ay nazir Fərid Qayıbovun qeydlərini yayımlayacaq.
Bizim.Media xəbər verir ki, “Nazirin Nöqteyi-Nəzəri”nin ilk yazısı "Təşəbbüslər vaxtıdır" başlığı ilə yayımlanıb.
Fərid Qayıbov nazir təyin olunmasını Prezident İlham Əliyevin yüksək etimadı kimi dəyərləndirib:
“Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur”.
Təyinatının hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyinə diqqət çəkən nazir Olimpiya nəticələrinin təsirləri məsələsinə toxunub:
“İdmanda demək olar ki, həmişə Olimpiya oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, Olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər”.
Gənclər siyasətinin yeni mərhələsinin qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edildiyini vurğulayan Fərid Qayıbov bölgədə baş vermiş geosiyasi dəyişikliklərin bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacağını deyib.
Nazir 1 ay ərzində keçirdiyi görüşlərin obyektiv qərarlar qəbul etməyə kömək edəcəyini diqqətə çatdırıb.
“İndi çox sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək. Ay ərzində bir sıra idman federasiyalarında qonaq olduq, ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük.
Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində “Coxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş Texnofest-də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləmək üçün əhəmiyyətli idi”, - deyə Fərid Qayıbov qeydlərini tamamlayıb.
Bizim.Media