2014-cü il Soçi Qış Olimpiya Oyunlarının məşəlinin Rusiya ərazisində səyahəti davam edir. Noyabrın əvvəllərində kosmosa aparılıb-gətirilən, daha sonra Şimal Qütbündə olan Olimpiya məşəli, indi də Rusiyanın bütün dünyada məşhur Baykal gölünün dibinə endirilib.
Dünyanın ən dərin gölünə Olimpiya məşəlini aparmaq isə Rusiya telekanalının xəbər proqramının aparıcısı Yekaterina Andreyevaya həvalə edilib. "Rusiyanın müqəddəs sularına, Baykal gölünə baş vurmaq şərəfinə mən layiq görülmüşəm. Və mənim üçün bu, təkcə Olimpiya məşəlinin daşınmasında iştirak etmək imkanı deyil, həm də Baykalın nə demək olduğunu, necə su olduğunu hiss etmək imkanı idi. Bu yer haqqında çox eşitmişəm, buranın qüvvə mənbəyi olduğunu bilirəm. İştirak etməklə, həm də gölün ekologiyasına diqqət çəkmək istədim." - deyə, Yekaterina Andreyeva bildirib.
Soçi Olimpiadasının məşəlinin estafeti oktyabrın 7-də başlayıb və fevralın 7-dək 65 min kilometr məsafə qət edəcək, bu isə Olimpiya oyunları tarixində ən uzun estafet olacaq.

































































































