Avqustun 5-də Yaponiya paytaxtının Milli Olimpiya stadionunda “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasim Paralimpiya Oyunlarının iştirakçılarının əyləşdiyi meydanda Yaponiyanın tanınmış estrada ulduzlarının təqdim etdiyi kompozisiya ilə başlayıb.
Daha sonra oyunların iştirakçısı olmuş dövlətlərin bayraqları hər bir ölkənin mükafat almış bir idmançısı tərəfindən meydana gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Paralimpiya Oyunları başa çatdı – Millimiz ilk 10-luqda
Paralimpiya bayrağından sonra meydana üçüncü daxil olan Azərbaycanın Dövlət Bayrağını XVI Paralimpiya Oyunlarının rekordçu çempionu Lamiyə Vəliyeva aparıb.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirilib. On gün davam edən yarışlarda ümumi komanda hesabında 1-ci yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanmış Çin idmançıları tutub.
İkinci yerdə Böyük Britaniya (41 qızıl, 38 gümüş, 45 bürünc), üçüncü yerdə isə ABŞ qərarlaşıb (37 qızıl, 36 gümüş, 31 bürünc).
Qeyd edək ki, Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanıb. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisədir.
Paralimpiya Oyunlarında 163 ölkədən 4400-dək idmançı iştirak edib. Azərbaycan da daxil olmaqla, onlardan yalnız 78 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.
Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 22-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.
Bizim.Media