Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Aberdin"i 3:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib.
Bu qoldan 10 dəqiqə sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Kadi Molinovski komandasının ikinci qolunu vurub.
Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Abdullah Zubir üçüncü qolu rəqibin qapısından keçirib. Şotlandiya klubunun yeganə topunu isə Levis Ferquson vurub.
“Pittodri” stadionunda keçirilən görüşü Avstriyadan olan hakimlər idarə ediblər. Matçda baş hakim funksiyasını Harald Lexner yerinə yetirib. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlər idilər. Dördüncü hakim Yulian Veynberger olub.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəliblər.
Ağdam klubu son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə UEFA Çempionlar Liqası, altı dəfə isə UEFA Avropa Liqası, ilk dəfə isə UEFA Konfrans Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirir.
Bizim.Media