Millimiz çətin sınaq qarşısında – Azərbaycan-İslandiya oyunundan GÖZLƏNTİLƏR

Hazırda oxunan: Millimiz çətin sınaq qarşısında – Azərbaycan-İslandiya oyunundan GÖZLƏNTİLƏR

268695

Futbol üzrə milli komandamız dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. Komandamız qrup mərhələsindəki ilk oyununda səfərdə İslandiya seçməsinin qonağı olacaq.
 

Bu həm də portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi ilə millimizin ikinci mövsümüdür. Portuqaliya məşqçi ilə Millətlər Liqası turnirində zəif çıxış etdiyimizdən futbolçularımızın bu dəfə ki,oyunlarda necə təsir bağışalayacağı böyük maraq doğurur.


Bəs görəsən Santuşun komandası növbəti sınaqdan üzüağ çıxa biləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən futbol mütəxxəsisisi Azər Bağırov yığmamızın hazırlığı ilə bağlı narahatlığını dilə gətirdi:

“Milli komandamızın hazırda optimal formada olduğunu söyləmək olmaz. Bu Premyer Liqada limit dəyişikliyini və bəzi futbolçularımızın klublarda əsas heyətdə oynamaması ilə bağlıdır. Sözügedən vəziyyət istənilən halda komandanın oyununa təsir edəcək. İslandiya yığması isə son illərdə müsbət mənada inkişaf edən bir komandadır. Onlarda nəsil dəyişikliyi müsbət gedib. Bu komandanın əsas üstünlüyü atletik futbol, sürətli oyundur. Bütün bunlara baxmayaraq millimizin futbolçularına inanmaq lazımdır. Ümid edək ki, komandan uğurlu nəticə ilə qayıdacaq”.

Millimizin keçmiş üzvü Bəxtiyar Musayev də İslandiya ilə görüşün çətin keçəcəyini söylədi:

“Bu yeni seçmə mərhələdir. Ona görə də istərdim ki, yığmamız gözəl bir başlanğıc etsin. Ancaq əlbəttə ki, çətin oyun olacaq. Çünki İslandiya millisi güc futboluna üstünlük verən komandadır. Belə komandalarla oyunlarda futbolçularımız həmişə çətinlik çəkir. Səfərdə oynayacağımızı nəzərə alsaq, rəqib aqressiv futbol nümayiş etdirəcək. Üstəlik islandlar standart vəziyyətlərdə də bizə çətin anlar yaşada bilər.

Ancaq hesab edirəm ki, baş məşqçinin tapşırıqlarını futbolçularımız düzgün yerinə yetirsələr, səfərdən inamlı nəticə ilə qayıda bilərik. Nəzərə almaq lazımdır ki, millinin heyətində “Qarabağ”ın futbolçuları üstünlük təşkil edir. Bu komanda isə Çempionlar Liqasında mübarizə aparacaq. “Qarabağ”ın futbolçularının yüksək stimulu və əhval-ruhiyyəsi milli komandamıza da sirayət etsə, əla olar”.

Millimizin keçmiş məşqçisi Arif Əsədov da ilk oyunda sərfəli nəticə qazanmağın önəmli olduğunu vurğulayır:

“İlk oyun olduğundan yaxşı nəticə qazanıb seçmə mərhələyə uğurla başlamaq önəmlidir. Qrupdakı rəqiblərimiz hamısı güclüdür. İslandiya xüsusilə atletik futbola üstünlük verən, təkbətək mübarizələrdə sərt oynayan komandadır. Onlar xüsusilə uzun ötürmələrdən və standart vəziyyətlərdən daha çox istifadə edəcəklər. Buna da futbolçularımız hazır olmalıdır. Məşqçilərimiz yəqin ki, bu barədə futbolçulara xüsusi tapşırıqlarını veriblər.

Nəzərə alaq ki, komanda uzun yol qət edib, saat fərqi də kifayət qədərdir. Bütün bu amillər oyunumuza təsirini göstərə bilər. Ancaq komandamız rəqibdən xal ala bilər. Bunun üçün səfərdə taktiki, texniki hazırlıqdan əlavə psixoloji hazırlıq da çox vacibdir. Futbolçularımızın məşqçi tapşırıqlarından əlavə əzmkarlıq göstərmələri də çox vacibdir. Fikrimcə, komanda yaxşı nəticə qazanmaq üçün erkən qol vurmalıdır. Millimizə uğurlar arzulayıram”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin