“Samir Abasov məni zənglə təbrik etmişdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün Premyer Liqanın 3-cü turunda “Karvan-Yevlax”la qalib gəldikləri oyundan (2:0) sonra deyib.
Təcrübəli mütəxəssis “Neftçi”nin sizi təbrik etməməsindən incimisiniz?” sualına cavab verib:
“Samir Abasov həmişə məni təbrik edir. Hətta keçən il bütün oyunları izləyib, zəng etmişdi, təbriklərini çatdırmışdı. Bu məsələyə ciddi yanaşmıram. Mən belə bir hala görə “Neftçi”dən incimərəm. Hər bir klubun idarəsi fərqlidir. “Neftçi” bizim hamımızın “Neftçi”sidir. Buna görə də rəsmi təbrik olmamasını ciddiyə almıram”.
Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Ferenstvaroş”u mübarizədən kənarlaşdırıb əsas mərhələyə yüksəlməsindən sonra Azərbaycan Premyer Liqa klublarının hamısı Ağdam təmsilçisinə rəsmi təbrik ünvanlasalar da, “Neftçi” bunu etməmişdi.
Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilmişdi.
Bizim.Media