İki gündən sonra Bakıda futbol üzrə Avropa çempionatının oyunları başlanır.
Xatırladaq ki, Avropa çempionatının dörd qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. İyunun 12-də Uels – İsveçrə, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də isə Türkiyə - İsveçrə görüşləri keçiriləcək . İyulun 3-nə isə 1/4 final mərhələsinin oyunu təyin olunub.
MÖVZU İLƏ BAĞLI:
Uels və İsveçrə futbolçuları Bakıda ilk məşqlərinə çıxdılar - FOTO
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, Assosiasiya yerli Təşkilat Komitəsi ilə birlikdə fəaliyyət planına uyğun olaraq hazırlıqları davam etdirir:
“Mayın 15-dən Bakıdakı oyunlara bilet satışları bərpa olunub və indi də davam edir. Biletlər 1,2, 3 saylı ASAN Xidmət və “iTicket” şirkətinin Bakıda satış mərkəzlərində satılır, eləcə də iTicket.az saytı vasitəsi ilə də biletləri əldə etmək mümkündür”.
Firuz Qarayev bildirib ki, pandemiya ilə əlaqədar olaraq stadiona gələnlərdən COVID-19 pasportu tələb olunmur.
Bakıda oyunları keçiriləcək ölkələrin – Türkiyə, İsveçrə və Böyük Britaniyanın vətəndaşları biletləri təqdim etməklə hava limanından rahatlıqla keçə biləcəklər. Viza almağa ehtiyac olduqda isə UEFA-nın akkreditasiyası və bilet yerindəcə viza almağa şərait yaradır.
Digər ölkələrin vətəndaşları isə karantin rejimində sərhədlərin bağlı olması ilə əlaqədar olaraq, Bakıya gələ bilməyəcək.
Qeyd edək ki, daha əvvəl mətbuatda biletlərin qiymətləri açıqlanıb. Belə ki, Avropa çempionatının oyunlarını izləmək istəyən azarkeşlər 1-ci kateqoriya üçün - 250 , 2-ci kateqoriya üçün - 150, 3-cü kateqoriya üçün isə 60 manat ödəməli olacaqlar.
Xatirə Nəsirli, Bizim.Media