“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias bu yay vətənə qayıda bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Braziliyanın “Globo” portalı məlumat yayıb.
Matiasın vətəninə geri qayıdışı isə övladları ilə bağlıdır. O, məsələ haqda bu cür danışıb:
"Həqiqətən çətindir və düzünü desəm, bunu izah edə də bilmirəm. Çünki bu, mənə çox təsir edir və çox ağırdır. Üstəlik, kiçik oğlumun autizmi ayrı bir mübarizədir və bizim birlikdə yaşamağımızı qeyri-mümkün edir. Mən onun müalicəsini və inkişafını prioritetləşdirməliyəm".
Əlavə edək ki, Yurinin "Neftçi" ilə müqaviləsi bu ilin iyununda başa çatır və onun artıq istənilən klubla ilkin müqavilə bağlamaq hüququ var. İndi müdafiəçi təklifləri nəzərdən keçirəcək və onlardan biri Braziliyadan gəlsə, vətənə qayıtmaq barədə düşünəcək.
O, 2023-cü il iyunun 30-da “Neftçi”yə keçmişdi. Matias karyerası ərzində “Amerika”(Braziliya), “Koimbra”(Portuqaliya), “Traktor”(İran), “Qaz Metan”, “ÇFR Kluj”(hər ikisi Rumıniya) komandalarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media