Almaniya Bundesliqasında 2025/26 mövsümündən etibarən yeni texnologiya tətbiq ediləcək.
Bizim.Media "Kicker"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Knut Kirçer danışıb.
O, növbəti mövsümdən etibarən çempionatda yarımavtomatik ofsayd aşkarlama texnologiyasından (SAOT) istifadə edilməyə başlanılacağını bildirib.
Sözügedən sistemin məqsədi mübahisəli epizodlara tez və dəqiq şəkildə aydınlıq gətirməkdir.
Qeyd edək ki, yarıavtomatik ofsayd aşkarlama sistemi DÇ-2022-də tətbiq edilmişdi. Texnologiya artıq İngiltərə Premyer Liqasının cari mövsümündə istifadə olunur.
Bu sistemə əsasən, stadionun damının altında quraşdırılan 12 xüsusi kamera topun mövqeyini və hər bir oyunçunun bədənində ofsayda düşə biləcək bütün hissələri də daxil olmaqla 29 nöqtəni izləyir. İstifadə olunan topların içərisində xüsusi sensor quraşdırılır. Yeni texnologiya sayəsində video köməkçi hakimlər futbolçuların komanda yoldaşının ötürməsi zamanı onun oyundankənar vəziyyətdə olması barədə avtomatik bildiriş alırlar.
Bizim.Media