Bu gün UEFA Avropa Liqasında final oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, həlledici görüşdə İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları üz-üzə gələcəklər.
Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanı fransalı FİFA referisi Kleman Türpen idarə edəcək.
MÖVZU İLƏ BAĞLI:
Çempionlar Liqasının finalı İstanbulda olmayacaq – ŞOK XƏBƏR
"Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə Avropa Liqasında final oynayacaq. Komandanın baş məşqçisi Unay Emeri isə artıq 4 dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013 - 2016-cı illərdə ölkəsinin "Sevilya", 2018/2019 mövsümündə isə İngiltərənin "Arsenal" komandası ilə finala çıxmağı bacarıb.
"Sevilya" ilə ilk 3 finalda qələbə qazanan Emeri London klubunun sükanı arxasında olarkən isə Bakıda baş tutmuş həlledici oyunda digər İngiltərə təmsilçisi "Çelsi"yə məğlub olub. 50 yaşlı mütəxəssis həmçinin 3 fərqli komanda ilə final görən ilk baş məşqçi kimi tarixə düşüb.
"Mançester Yunayted" isə sonuncu dəfə 2016/2017 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.
Vacib oyun öncəsi hər iki kollektivdə ciddi itkilər var. "Qırmızı şeytanlar"ın heyətində Antoni Marsial zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Kapitan Harri Maquayrın da eyni səbəbdən oynamayacağı gözlənilir. "Vilyarreal"ın isə 3 oyunçusu matçı buraxacaq. Visente İborra, Samuel Çukvueze və Xuan Foyt zədə üzündən ingilislərə qarşı oynamayacaq.
UEFA Avropa Liqası, final
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.
Bizim.Media