“Qarabağ”ın Bakıya dəvət etdiyi 10 tanınmış klub

Hazırda oxunan: “Qarabağ”ın Bakıya dəvət etdiyi 10 tanınmış klub

220549

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i axşam saatlarında Bakıya təşrif buyuracaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Qarabağ” futbol klubunun mətbuat xidməti məlumat yayıb.

COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda Azərbaycan təmsilçisi ilə yanaşı daha 10 klub yer alacaq.
 

“Qarabağ”ın dəvəti ilə COP29-da iştirak edəcək klublar – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər.


Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr reallaşdıran bu klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə liderlərdən sayılan “Udineze” də zəngin təcrübəsini digər klublarla bölüşəcək.

Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər.

Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcək.

Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin