İdman müəllimlərinin peşə etikasından kənar davranışları dönə-dönə müzakirə edilib. Amma təəssüflər olsun ki, hələ də valideynlər məşqçilərin uşaqlarla qəribə davranışlarına rast gəlirlər. Ötən günlərdə də sosial şəbəkədə məşqçinin uşağı dişləməsi gündəm olub.
Məşqçilər adətən “çox istədiyimdən, öz övladım kimi bildiyimdən edirəm” deyərək əməllərinə don geydirməyə çalışırlar. Bu da valideynlərdə narahatlıq yaradır. Belə hadisələr uşaqların idmandan kənar düşməsinə səbəb olur, müəllimlərə etibar azalır.
MÖVZU İLƏ BAĞLI:
Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO
Bəs idman müəllimləri necə davranmalıdırlar?
Əməkdar məşqçi Ramin Allahverdiyev-ya bu barədə danışıb. Onun sözlərinə görə, bəzi idman növlərinin metodikasında müəllimlər müəyyən fəndlər öyrətməli olur. Ona görə də, müəyyən zərbələr, müdafiələr tətbiq edə bilər.
Bu əsasən də döyüş idman növlərində rast gəlinir:
“Amma orada məşqçinin məqsədi uşağı öyrətməkdir. Bunun məqsədli şəkildə edilməsi və ya məşqçinin emosiyalarına qapılaraq öz qəzəbindən uşağa nəsə öyrətmək adı ilə şiddət göstərməsi yolverilməzdir. Məşqçilər həqiqətən də öz tələbələrini çox istəyirlər. İstəkdən əmələ gələn amillər olur. Amma dişləmək kimi hadisələr etik qaydalara sığmır. İstəyindən etsə belə, bu normal hal deyil. Bu cür hallar dövrümüzdə seksual xarakterli ola bilər”.
Təlimatçıların öhdəliyi...
Ramin Allahverdiyev bildirib ki, hər bir idman məktəbində təlimatçılar var və sözügedən hadisələrin baş verməməsi əsasən təlimatçıların öhdəliyindədir.
“Əgər idman məktəbində belə neqativ hallar baş verirsə, təlimatçılar məsuliyyət daşıyır. Təlimatçılar məşqlərə nəzarət edirlər, məşqçilərə təlimatlar verirlər. Respublika üzrə bu sahədə bir az boşluq var. İdman məktəblərində komissiya yaradaraq məşqləri izləmək lazımdır, məşqçilərə nəzarət olunmalıdır. Bundan başqa hər idman məktəbinin giriş qapısında da stent düzəldilməlidir. Orada müəyyən məsləhətlər, tövsiyyələr, nizam-intizam qaydaları əks olunmalıdır”.
Nuray, Bizim.Media