“Bu gün “Kəpəz” Peşəkar Futbol klubun hazırkı rəhbərliyi Gəncə futboluna ciddi ziyan vurur. Bununla bağlı biz veteranlara azarkeşlər də, keçmiş futbolçular, bütün “Kəpəz”sevərlər zənglər edirlər, yazırlar. Biz bununla bağlı böyük bir yığıncaq da təşkil edəcəyik. Amma bu gün bura toplaşan veteranlar, keçmiş futbolçular, futbol mütəxəssisləri komandanın acınacaqlı durumu ilə bağlı AFFA rəhbərliyinə, Gəncə şəhər rəhbərliyinə müraciət edirik.
“Kəpəz”in bu vəziyyətə düşməsində günahkar olanlar komandadan uzaqlaşdırılmalıdır. Belə qeyri-peşəkar yanaşma komandanı 1-ci diviziona yuvarlandırır. Artıq “Kəpəz”də peşəkarlıqdan əsər-əlamət qalmayıb”.
Bu fikirləri Bizim.Media-nın yerli bürosuna açıqlamasında Gəncə futbol veteranları ictimai birliyinin sədr müavini, “Kəpəz”in veteran futbolçusu Firuz Qulami deyib.
“Kəpəz”in rəhbərliyi dəyişdirilməlidir
Digər veteran futbolçularla birgə klub rəhbərliyinin işini tənqid edən Qulaminin sözlərinə görə, artıq 3 ildə 5 baş məşqçi dəyişən klub rəhbərliyi komandada idarəçiliyi, transfer siyasətini düzgün qura bilmədiyindən və digər qeyri-konstruktiv hərəkətlər səbəbindən artıq ardıcıl 5 oyundur komanda biabırçı vəziyyətdə məğlub olur:
“Biz artıq xeyli müddətdir aidiyyatı qurumlara “Kəpəz” futbol klubunda baş verənlər, səriştəsiz idarəçilik, düzgün aparılmayan transfer siyasəti ilə bağlı yazılı və şifahi məlumatlar vermişik. Bu il çempionat başlayandan artıq ardıcıl 5-ci məğlubiyyət səbr kasamızı daşırdı. Biz “Kəpəz”in futbol anlayışı olmayan səriştəsiz rəhbərliyinin dəyişməsini xahiş edirik. Bu həm də “Kəpəz” azarkeşlərinin fikirlədir. Ümid edirik ki, tez bir zamanda bu məsələ öz həllini tapacaq”.
“Öz bildiklərini edirlər”
“Kəpəz”in və Azərbaycanın tanınmış veteran futbolçusu, birliyin üzvü Vidadi Rzayev də bu gün “Kəpəz”də gedən proseslərin komandanın aşağı liqaya yuvarlanacağının açıq göstəricisi hesab edir. Onun sözlərinə görə klubun indiki rəhbərliyinə komandada işlədiyi dövrdə də dəfələrlə transfer siyasəti və düzgün olmayan idarəçilik barədə öz etirazlarını bildirib:
“Mən hələ komandada çalışdığım vaxtlarda dəfələrlə klub rəhbərliyinin səriştəsizliyi və uğursuz transfer siyasətini tənqid etmişəm. Dəfələrlə baş məşqçilərin seçdiyi futbolçular kənarda qalıb, öz bildiklərini komandaya dəvət edirlər. Sonda da onların heç birinin kluba xeyri dəymir. Keçən çempionat komandanı yüksək liqada saxlayan və hamı tərəfindən bəyənilən baş məşqçi indi istefaya göndərilir. Axı dünən bacarıqlı olan baş məşqçi birdən-birə pis ola bilməz. Deməli, komandanı təşkil edən zaman baş məşqçinin istəyi nəzərə alınmayıb.
Bu il 7 legioner transfer ediblər.
Onların oynuna baxanda bilmək olur ki, bu futbolçularla “Kəpəz”i premyerliqada saxlamaq mümkün olmayacaq. İndi yeni baş məşqçi dəvət ediblər. Azər Bağırova da uğurlar arzu edirəm. Amma bu mənim şəxsi fikrimdir ki, ona da bu heyətlə çətin olacaq. Arzu edirəm ki, mən fikrimdə yanılım və möcüzə baş versin. Amma təəssüf edirəm ki, futbol anlayışı olan, uzun illər futbolçu və məşqçi kimi çalışmış bir mütəxəssis kimi gördüklərim budur.
Hesab edirəm ki, “Kəpəz” futbol klunu vəziyyətdən çıxarmaq üçün baş məşqçiləri növbəyə düzməkdənsə, idarəçilikdən uzaq olan səriştəsiz rəhbərliyi dəyişmək daha düzgün seçimdir”.
“Bu maliyyə ilə mübariz komanda formalaşdıran klublar var”
Gəncə futbol veteranları ictimai birliyinin sədri, veteran futbolçu Tofiq Məmmədov da artıq bəhanələrə son qoyub, “Kəpəz” rəhbərliyinin azad olunmasını istəyir:
“Bu gün biz “Kəpəz”in durumuna görə utanırıq. Ayıbdır. Peşəkar futbol klubu adına heç bir şey qalmayıb “Kəpəz”də. Rəhbərlik öz xeyirlərinə olan transferləri ediblər. Tez-tez məşqçi dəyişiklikləri də əməllərinin ört-basdır edilməsi üçündür. Özlərinə bəraət qazandırmaq istəyirlər. Tez-tez büdcənin azlığından, maliyyə problemindən danışırlar. Amma unutmayaq ki, bu gün həmin büdcə ilə çox mübariz komanda formalaşıran digər klublarımız da var.
Bəs onlar bunu necə ediblər?
Komanda ardıcıl 5 dəfə məğlub olub. Bu heyətlə inanmıram ki, komanda nəsə bir uğur qazana bilsin. Vəziyyətdən çıxış yolu isə gec olmadan səriştəsiz, futboldan uzaq rəhbərliyi istefaya göndərməkdir. Belə olmasa, “Kəpəz” yüksək liqada qala bilməyəcək”.
Səsləndirilən iddialarla bağlı “Kəpəz”in idarə heyətinin sədri İlqar Nadiriyə müraciət etdik. O, sözügedən mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
İdman
13:50 / 11.09.2024
Gəncə futbolunda BÖHRAN – “Kəpəz”in veteranları klub rəhbərliyi ilə ÜZ-ÜZƏ
Hazırda oxunan: Gəncə futbolunda BÖHRAN – “Kəpəz”in veteranları klub rəhbərliyi ilə ÜZ-ÜZƏ
Hazırda oxunan: Gəncə futbolunda BÖHRAN – “Kəpəz”in veteranları klub rəhbərliyi ilə ÜZ-ÜZƏ
210963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.