"Builki avrokuboklardan çox razı qaldım" - Rəşad Sadıqov

Hazırda oxunan: "Builki avrokuboklardan çox razı qaldım" - Rəşad Sadıqov

209027

"Matça hazırlaşmaq çətin idi. Birinci oyunda 0:6 hesabı ilə uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar vurmaq ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr "Omoniya"sı ilə cavab görüşündən (1:0, ilk oyun - 0:6) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis turnirdə mübarizəni başa vurmaqlarına baxmayaraq, komandasının avrokuboklardakı mübarizəsindən razı qaldığını bildirib: "Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm.

Builki avrokuboklardan çox razı qaldım. Onları ürəkdən təbrik edirəm. Bütün fikrimizi çempionata verəcəyik".

R.Sadıqov "Oyun göstərdi ki, "Omoniya"nı keçmək olardı. Bir həftə əvvələ qayıtsaydınız, nəyi dəyişərdiniz" sualını bu cür cavablandırıb: "Müəyyən şeylər var ki, dəyişərdim. Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq. Bizdə bəzən futbolu elə təhlil edirlər ki, reallıqdan uzaq.

Baxırsan ki, o bizim qərarlarımıza təsir edir. Düzgün deyil, zəiflikdir. O məqamda nəyi düzgün görürsənsə, etməlisən. Həmin oyuna daha ehtiyatlı sistem buraxmaq istəyirdim. İki mərhələ keçmişdik. Birdən-birə elə dəyişiklik edərək bütün məsuliyyəti üzərinə götürmək çətin qərardır. İlk oyunda daha minimalhesabla uduzmaq olardı. Düzgün nəticə çıxarsaq, 6:0 da bizim üçün təcrübədir. Gələcəkdə bu mərhələyə gəldikdə, daha düzgün qərar verəcəyik".

O, komandasındakı dəyişikliklərdən də danışıb: "Futbolçular bir-birinə daha çox uyğunlaşırlar, oyun intizam artır. Vacib olan bunları saxlayıb, bir az inkişaf etdirməkdir. Təəssüflər olsun ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün onu alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı.

Zədə performansına təsir edirdi. Xırda detallar kimi görünə bilər. Amma təsir edən detallardır. Bu gün rəqibə rahat olmasına imkan vermirdik. "Omoniya"ya topla rahat oynamağa imkan vermək istəmirdik. Birinci oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Təcrübədir. Sırf çempionata köklənəcəyik. "Qarabağ" da avrokubok matçı oynayıb. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. "Qarabağ", "Sabah" və "Neftçi" çempionatın favoritidir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik".

"Zirə" "Omoniya"ya 0:6 hesabı ilə uduzduqdan sonra Misli Premyer Liqasında "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub. R.Sadıqov komandasını bugünkü cavab matçına necə köklədiyini açıqlayıb: "Kollektivimizə güvənirəm. Ən az hazırlaşdığımız, danışdığımız oyun idi. Matçdan öncə də "ustanovka" az oldu. Taktiki tapşırıqları dünən verdik. Daha çox hər şeyi özlərinə buraxmışdım. İnanırdım ki, bu vəziyyətdən düzgün çıxış yolu tapacaqlar".

Mütəxəssis məşqçi kimi qarşıya qoyduğu hədəflərdən də söz açıb: "İlk növbədə bu nəticələri stabilləşdirməkdir. Futbol elədir ki, dünya çempionu olursan, 2-ci dəfə bunu etmək çətindir. Futbolçularında hansısa rahatlıq baş verə bilər. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar toplamaqdır".

Ötən gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya uduzdu (0:2, ilk oyun - 0:3). Bu gün isə "Zirə" isə "Omoniya" səddini keçə bilmədi. "Qarabağ" və "Zirə" Misli Premyer Liqasının 5-ci turunda bir-biri ilə üz-üzə gələcək. R.Sadıqov isə "Demək olar ki, "Qarabağ"a qarşı tarixin ən güclü "Zirə"sini görəcəyik" sualına cavab verib: "Tam heyətlə olsaydıq, razıyam. Üç gündən bir oynamaq çətindir. Təəssüflər olsun ki, 4-5 itkimiz var. Futbolçuların durumu sabah bəlli olacaq. "Qarabağ"la oyunda ən güclü "Zirə"ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin