Avro - 2024-ün qalibi kim olacaq? - Azərbaycan siyasilərinin PROQNOZU

Hazırda oxunan: Avro - 2024-ün qalibi kim olacaq? - Azərbaycan siyasilərinin PROQNOZU

201357

Fotbol üzrə Avropa Çempionatı finişə yaxınlaşmaq üzrədir. Bu gün və sabah keçiriləcək yarımfinal oyunları ilə finalçılar bəlli olacaq. Yarımfinalda oynayacaq komandalar-İspaniya, Fransa, Niderland və İngiltərə yığmalarıdır ki, onların da hər birinin şansları demək olar bərabərdir.

Bəs, Azərbaycan siyasiləri, ictimai xadimlər Avro-2024-ü izləyirlərmi? Görəsən, onlar kimin çempion olacağını düşünürlər? 

Bizim.Media bu suallara cavab tapmaq üçün bəzi siyasilərin və ictimai xadimlərin fikrini öyrənib:

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa:

“İspaniyanın qalib gəlmək şansının daha böyük olduğunu düşünürəm. Bununla bağlı proqnoz söyləmək bəzən yerinə düşmür. Çünki konkret həmin günü olan perfomansdan çox şey asılıdır. Fikrimcə, İspaniyanın şansı daha böyükdür. Hər halda İspaniya bu prosesi daha çox irəli aparmaq qabiliyyətinə sahib komandadır. Heyəti daha mobil və daha gənc futbolçulardan ibarətdir”.

YAP funksioneri Hikmət Babaoğlu:

“İspaniyanın qalib gələcəyinə ümid edirəm. Futol üzrə Avropa Çempionatında azarkeşlik etdiyim yığma komandalar qardaş Türkiyə və Almaniya idi. Təəssüf ki, hər ikisi yarışları dayandırmalı oldu. Mübarizəni davam etdirən komandalar arasında isə İspaniyaya azarkeşlik edirəm. Ümid edirəm ki, onlar Avropa Çempionu olacaqlar”.

Deputat Ceyhun Məmmədov:

“Dəqiq nəsə deyə bilmərəm. Türkiyənin qalib gəlməsini arzulayırdım. Bir qədər də Gürcüstana azarkeşlik edirdim. Son oyunları isə izləmirəm. Baxaq görək, proses necə gedəcək”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev:

“ İspanların qalib gələcəyini düşünürəm. İspaniyanın çempion olmaq şansı daha yüksəkdir. İspaniya yığması yarımfinala düşən komandalar arasında ən yaxşı futbol oynayan komandadır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov:

“Ümumiyyətlə futbolla maraqlanmıram. Həvəskarı deyiləm, ona görə də çempionata baxmıram. Bu səbəbdən kimin qalib gələcəyini deyə bilmərəm”.

Azad Vətən Partiyasının sədri Akif Nağı:

“İspaniya millisinin birinci olacağını zənn edirəm. Çempionatın əvvəlində Almaniyanın şanslarını yüksək qiymətləndirirdim. İndi yarımfinalda oynayacaq 4 komandaya gəldikdə kimin qalib gələcəyini söyləmək çox çətindir. Demək olar ki,  4 komandanın hər birinin şansları bərabərdir. Hər halda İspaniyanın şansları digər üçü ilə müqayisədə bir qədər daha yüksəkdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin