“Hazırda şəxsi həyatım belə kənarda qalıb" - Rəşad Sadıqov

Hazırda oxunan: “Hazırda şəxsi həyatım belə kənarda qalıb" - Rəşad Sadıqov

186921

“Olduqca gərgin və stresli bir oyun idi. Hər iki komanda qələbə qazanmaq, məğlub olmamaq istəyirdi. Hamı başa düşürdü ki, burda qazanılacaq qələbə kimisə önə çəkə bilər, məğlubiyyət isə geri salacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra deyib. 

Mütəxəssis qolsuz yekunlaşan görüşü belə şərh edib: “Sumqaytı” yaxşı formadadır. Bu gün çox yaxşı komandaya qarşı mübarizə aparırdıq. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Eləcə də hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Bəlkə də ədalətli nəticə elə heç-heçə idi. Bu gün meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın, futbolumuzun keyfiyyətini artıracaq. Bir qədər yorğunluq var idi. Bununla belə, komandam əzmkar oynadı. 

Qarşıda maraqlı qarşılaşmalar olacaq. Hər matç önəmlidir. Getdikcə gərginlik artır. Tək futbolda yox, bəzən həyatda da elə olur ki, həyatımızdakı hansısa maraqlı prosesin bitməsini istəmirsən. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda sevinən tərəf biz olaq”. 

R.Sadıqov hədəflərinin Konfrans Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib:

“Rəhbərliyin də, özümüzün də qarşımıza qoyduğumuz hədəf Konfrans Liqasına düşməkdir. İmkan varsa, daha yüksək yerlər, medallar uğrunda mübarizə aparacağıq. Əminəm ki, bu gün avrokuboklar uğrunda mübarizə aparan hər komanda düşünür ki, yekunda ikinci yeri tuta bilər.

Bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Bu heç-heçə sayəsində “Sumqayıt”la şəxsi oyunlardakı üstünlüyümüzü qoruduq. Bu gün iki xal itirdiyimizi desəm, ədalətsizlik olar”. 

Bu günlərdə ATV kanalında yayımlanan əyləncəli proqramda qonaq olarkən Rəşad Sadıqov “Zirə” ilə bağlı suala “Ürək”, “Neftçi”yə isə “Ağ-qara” demişdi. O bu barədə sualı belə cavablandırıb:

“Orda suallar tez-tez verilirdi, həm də eyni cavabı ikinci dəfə demək olmazdı. “Zirə”nin adı ilk çəkildi, mən də ürək dedim. “Neftçi” soruşulduqda isə ilk ağlıma ağ-qara gəldi. Ağ və qara mənim sevimli rənglərimdir, bunu hamı bilir. Geyimlərimdə də əsasən bu rənglər üstünlük təşkil edir. Uşaqlıqdan belədir. Ağ-qaraya dəyər verirəm”. 

O, son günlər adının “Neftçi” ilə hallanmasına da toxunub:

“Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir. İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib. Eləcə də 17 il millidə oynamışam. Hər üçü mənim üçün doğmadır. Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim. İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim.

“Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq olmayıb. Bütün fikrim hazırda “Zirə”dir. Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, ona uğurlar arzu edirəm. Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim. Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram, komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”. 

O,  “Zirə” ilə 2 illik müqavilə imzaladığını xatırladıb: “Hazırda şəxsi həyatım belə kənarda qalıb. Gecə-gündüz yalnız oyunları düşünür, rəqibləri analiz edirik. Yayda “Zirə” ilə 2 illik müqavilə imzaladıq. Lakin mövsüm başa çatdıqdan sonra yenidən müzakirəmiz olacaq. İşimizi təhlil edəcəyik. Mən vəzifə xəstəsi deyiləm. Görsəm ki, bu gün komandaya xeyir vermirəm, dərhal vəzifəmdən ayrılaram”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin