Qurban Qurbanov “Beşiktaş”a gedərsə... – TƏHLİL 

Hazırda oxunan: Qurban Qurbanov “Beşiktaş”a gedərsə... – TƏHLİL 

186657

Xəbər verdiyimiz kimi "Beşiktaş" mövsümün sonunda baş məşqçi Fernando Santosla yollarını ayıracaq. İstanbul təmsilçisi yeni mövsümdə komandanın baş məşqçisi postu üçün yekun siyahını müəyyənləşdirib.

Hazırda üç namizəd var.

Onlardan biri "Qarabağ"ı çalışdıran Qurban Qurbanovdur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Digər namizədlər isə ötən ay "Volfsburq"dan ayrılan Niko Kovaç və mövsümün sonunda "Borussiya"nı tərk edəcək Edin Terziçdir. Klub rəhbərliyi bu üç mütəxəssis arasında seçim etdikdən sonra danışıqlara başlayacaq.

Qurban Qurbanov XXI əsrdə Azərbaycan futbolunun hələ ki, ən parlaq simasıdır. O Azərbaycan futbolunda mümkünsüzü reallığa çevirib. Onun sayəsində bu gün Avropada “Qarabağ” komandası hörmətlə anılır, haqqında çox xoş sözlər söylənilir. 

Qurban Qurbanovun futbolumuza verdiyi töhfələri saymaqla bitməz. 

Tək bir faktı deyək ki, ötən gün Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Siyahıda 507 klub qərar tutub. Azərbaycanın 3 komandası cədvələ düşüb. Ən yüksək göstəriciyə “Qarabağ” nail olub. 13 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi ilk “50-liy”ə girib. 

Təkcə bu göstərici ilə “Qarabağ” klubu nəinki, Almaniyanın, İspaniyanın, İtaliyanın, Böyük Britaniyanın, Fransanın populyar komandalarını yox, hətta Türkiyənin “Beşiktaş” komandasını da gerdidə qoyub. Yəni statistikaya baxanda “Qarabağ” “Beşiktaş”dan üst səviyyədədir. 

Amma çempionatın səviyyəsinə, komandanın büdcəsinə və digər statistikaya baxanda “Qarabağ” “Beşiktaş”dan geri qalır. Ona görə də Qurban Qurbanovun “Beşiktaş”a keçməsi təkcə Qurban Qurbanovun yox, həm də Azərbaycan futbolunun uğurudur.

Qurban Qurbanovun “Beşiktaş”a gedişi nə qədər uğurlu ola bilər?

Bəri başdan deyək ki, Qurban Qurbanov “Beşiktaş”a getsə də orada çox qala bilməyəcək. Əvvəla ona görə ki, Qurban bəyin oyun fəlsəfəsi “Beşiktaş” cameəsinin istəkləri ilə üst-üstə düşmür. Nəzərə alaq ki, Qurbanov komanda  oyununa üstünlük verir. Məhz buna görə də hər zaman uğur qazanır.  

Bu gün “Qarabağ”da tək lider, oyunu tam öz üzərinə götürən futbolçu yoxdur. Abdulla Zubir qeyri-adi keyfiyyətlərə malik olsa da, o da lider deyil. Bəlkə də buna görədir ki, rəqiblər “Qarabağ”ı necə dayandıracaqlarını bilmirlər. 

Amma “Beşiktaş”da mənzərə fərqlidir. Bu gün komanda tarixinin bəlkə də ən uğursuz mövsümünü keçirir. Lider “Qalatasaray”dan 37 xal geri düşən “Beşiktaş” 47 xalla dördüncü yerdə qərarlaşıb. Bununla belə komandanın ev oyunları anşlaqla keçir, bütün stadion dolur.

Türkiyədə komandaları baş məçqçi və texniki heyət yox, tamaşaçılar idarə edir. 

Bu gün Türkiyədə və dünyada “Beşiktaş”ın milyonlarla azarkeşi var. Qəribədir ki, bu azarkeşlərin çoxu komandanı ümumi nəticəyə görə yox, sevdikləri oyunçunun fərdi uğuruna görə izləyirlər. Buna görə də Qurban Qurbanova çətin olar. 

Onun qarşısında futbol zehniyyəti aqressiv olan 20 milyonluq azarkeş qrupu var. Elə bir azarkeş qrupu ki, klubun köhnə futbolçusu olan 38 yaşlı Rikardo Kuarejmanın geri qayıtmasını istəyir. Elə bir azarkeş qrupu ki, təqribən 10 il əvvəl sırf azarkeş istəmədiyi deyə transfer olunan Yalçın Ayhan adlı türkiyəli futbolçunu klub binasından geri qaytardılar. 

Hazırda klubda sözü keçən futbolçulardan kapitan Necip Uysal, Cenk Tosun və Mert Günok var. Sabah aqressiv azarkeşlər Qurbanovdan uğurlu nəticə yox, məhz adını çəkdiyimiz oyunçuların meydanda olmasını tələb edəcək. 

Klub rəhbərliyi də bir qayda olaraq baş məşqçi ilə yox, azarkeşlərin rəyi, tələbi ilə hesablaşır.

Bu da təsadüfi deyil. 20 milyonluq azarkeşdən klub rəhbərliyi təkçə bilet satmaqla xeyir götürmür. Onların ötəri hissləri, keçici tələbləri ilə klub rəhbərliyi hər gün, hər saat milyonlar qazanır. Yəni “Beşiktaş”da idarəetmə sırf kommersiya maraqlarına uyğun qurulub. Bu gün komanda rəhbərliyi futbolçunu baş məşqçinin yox, azarkeş kütləsinin istəyinə görə alır. Çünki, bir oyunçunun transfer xərcini klub rəhbərliyi bəzən təkcə forma satışından qazanır. Adi riyazi hesablama aparsaq, görərik ki, azarkeşlərin istədiyi futbolçunun transferindən sonrakı qısa müddətdə forma satışı hesabına 10-15 milyon dollar qazanır. Halbuki, komanda Avropadan orta səviyyəli və nisbətən yaşlı oyunçuları alır. 

Bu mənada Qurban Qurbanov üçün heyət müəyyən etmək çox çətin olacaq. Ola bilsin ki, sabah Qurban bəy keyfiyyətli və perspektivli oyunçu almaq istəyəcək. Lakin, komanda rəhbərliyi daha çox azarkeş istəyinə uyğun olan ulduz oyunçu alacaq. Gələn ulduzun komanda üçün nə qədər faydalı olacağı isə az adamı narahat edir. Əsas odur ki, ulduz oyunçu lınsın və onun reklamından kluba milyonlar gəlsin. Vəssəlam. 

Klubda futbolçunu bəzən baş məşqçiyə deməmiş alırlar. 

Bunu klubun keçmiş baş məşqçisi Şenol Güneş öz müsahibəsində etiraf edib. Ulduz oyunçulara göstərilən diqqət və sevgi isə onların eqosunun yüksəlməsinə səbəb olur.

Təsadüfi deyil ki, klubda olan xaos son zamanlar 5 məşqçinin və 2 idarə heyətinin dəyişməsinə səbəb olub. Xaosun ən böyük səbəbi isə köhnə prezident Ahmet Nur Çebi və idarə heyyətinin səriştəsiz siyasətinə görədir. 

Belə ki, yay transfer pəncərəsində aldığı oyunçuların, 80 faizinin xroniki zədəyə sahib olması onların stabil oynamamağına və komanda içində qruplaşma yaratmağına səbəb oldu. Komandanın əsas qol silahlarından olan Vincent Abubakarın kaprizli davranışları buna misal ola bilər.

Bir sözlə hakimlərin döyüldüyü, azarkeşlərin meydanda at oynatdığı liqada azarkeş klubun prezidentindən və baş məşqçidən daha çox söz sahibidir. Belə yerdə Qurban Qurbanovun özünü sübut etməyi, istədiklərini yerinə yetirməyi, sözəbaxan və məsuliyyətli oyunçu qrupunu yığmağı uzun müddət alacaq. 

Çılğın azarkeş kütləsi isə ona zaman tanımayacaq. İlk gündəncə istədikləri oyunçunun meydanda olmasını tələb edəcəklər. Ona görə də futbolumuzun flaqmanı Qurban Qurbanovun “Beşiktaş”a getməsi çox uğursuz bir seçim olardı. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin