"Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində sabah səfərdə "Bayer"in qonağı olacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün vacib oyundur. Son zamanların ən yaxşı komandasına qarşı oynayırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Yenidən burada olmaq xoşdur. Bütün fikrimizi oyuna yönləndirmişik.
- Xabi Alonso "Qarabağ"dan qorxmadığını bildirdi. Sizin fikriniz necədir?
- Biz hamımız bu ifadəni işlədirik. Heç bir rəqibdən qorxmuruq. Rəqibə qarşı biz də eyni cür yanaşırıq.
- Juninyo zədələnəndə onu əvəz etməyə oyunçu yoxdur. Ötən mövsüm yaxşı oyun nümayiş etdirən Musa Qurbanlını geri qaytarmaq mümkündür?
- Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf "Bayer"lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay transfer pəncərəsinə aiddir.
- Komandanı əlavə vaxta və penaltilər seriyasına hazırlamağı düşünürsünüz?
- Çox sıx qrafikdəyik. Amma "Bayer" də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq.
120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə,fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq.
- Bu mərhələyə kimi gəlmək sizə hansı yeni təcrübələr qazandırdı?
- Məncə, çox böyük təcrübə oldu. Zədəlilərimiz oldu, bəzi transferlərimiz gecikdi. Çox güc sərf etdik, komandanı formalaşdıra bildik. Bəzi risklərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Son vaxtlar Azərbaycanda futbol dağa da çox sevilir. Bunları görəndə bizim məsuliyyətimiz daha da artır.
Rəşad Rafiqoğlu, Bizim.Media