Voleybol Federasiyası “Xarı Bülbül”lə bağlı bəyanat yaydı

Hazırda oxunan: Voleybol Federasiyası “Xarı Bülbül”lə bağlı bəyanat yaydı

166087

“Xarı Bülbül” voleybol klubunda yaranmış maliyyə vəziyyəti klubu dağılmaq təhlükəsi ilə üz-üzə qoyub. 

Bizim.Media xəbər verir ki, vəziyyət o həddə çatıb ki, klubun Çağırış Kubokunun təkrar oyunu üçün səfərə yollanmağa pulu yoxdur. 

Məsələ ilə bağlı Azərbaycan Voleybol Federasiyası bəyanat yayıb. 

Bəyanatda deyilir:

“Məlum olduğu kimi, müstəqil şəkildə fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bül bül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həmçinin “Çelenc Kuboku”da iştirak edirlər. Mövsümün əvvəlində komandaların yerli və xarici voleybolçulardan ibarət heyətləri formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəlinmişdir.

“Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilmişdir. Eyni zamanda klub Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə “Çelenc Kuboku”da öz iştirakını təsdiq etmişdir.

Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olmuş və bununla bağlı klubun işçi heyəti və oyunçuları ilə görüş keçirilmişdir.

Görüş zamanı yaranmış  maliyyə çətinliyi ilə ələqədar müzakirələr aparılmış və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyinin göstəriləcəyi bildirilmişdir.

Klub tərəfindən rəsmi sənədlər federasiyaya təqdim olunduqdan sonra AVF klubun ölkəmizi “Çelenc Kuboku”da təmsil etdiyini nəzərə alaraq, qısa zamanda “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının oyunçularının bir aylıq əməkhaqqını ödəyib.
Qeyd etmək istəyirik ki, AVF yaranmış vəziyyətlə əlaqədar “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarına dəstək olmaq üçün bütün imkanlarını səfərbər etmişdir”.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin