"Zəfər Günü" (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistləri Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunan həvəskar komandalardan ibarət II Ənənəvi Futbol Turnirinin bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda ilk olaraq 3-cü yer uğurunda “Ardanış” ilə “Loru-Borçalı” komandaları qarşılaşıb. "Ardanış" görüşü 4:3 hesablı qələbə ilə bitirərək bürünc medalın sahibi olub.
Ardınca final görüşündə “İrəvan” sarı-qırmızılar ləqəbli “Çəmbərək” ilə üz-üzə gəlib. Qarşılaşmada "Çəmbərək" 7:5 hesabı ilə qalib gələrək kuboku qazanıb.
Final görüşünün qalibi müəyyənləşdikdən sonra turnirin bağlanış mərasimi keçirilib. Tədbirdə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, futbol veteranları Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Mətbuat Şurasının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, eləcə də, digər qurumların nümayəndələri çıxışlarında şəhid jurnalistlərin əziz xatirəsini yad ediblər. Daha sonra rəsmilər "Çəmbərək" komandasına qazandıqları qələbə münasibətilə uğur arzulayıblar. Ölkədə Zəfər Günü ərəfəsində silsilə tədbirlərin keçirildiyini xatırladan A.Əsədov deyib: “Belə tədbirlərdən biri də budur. Sevinirik ki, turnir xoş sonluqla nəticələndi. Ən əsası, yarışın keçirilməsinə təşkilatçılıq edən qurumlara təşəkkür edirəm”.
Mərasimin sonunda qaliblər və iştirakçılar kubok, medal və təşəkkürnamələrlə təltif olunub. Turnirin “ən yaxşı oyunçusu” Nəcəf Nəcəfzadə olub. “Ən çox qol vuran futbolçu” adına isə Azad Əliyev layiq görülüb. Hüseyn Məmmədov isə "ən yaxşı qapıçı" seçilib.
"Qərbi Azərbaycan" isə "turnirin nümunəvi komandası" mükafatına layiq görülüb.
Qeyd edək ki, turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTV), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparıb.
Bizim.Media