“Neftçi”nin yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, “Hyatt Regency” otelində baş tutan tədbirdə isveçli mütəxəssislə yanaşı, “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov və A komandanın baş məşqçisi Adrian Mutu iştirak ediblər.
Klubun mətbuat katibi Emin Əfəndi tədbiri açıq elan edəndən sonra klub nümayəndələrinə söz verililib.
“İnanıram ki, Yens Anderssonun keçidi təkcə əsas komandamız üçün deyil, “Neftçi” Futbol Akademiyası komandalarının inkişafında da əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyil ki, Avropada tanınmış mütəxəssislərdən olan cənab Yensin İsveçin bütün yaş qrupu üzrə milli komandalarının inkişafında böyük əməyi var.
Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub” – deyə bildirən Fərrux Mahmudov baş məşqçi Adrian Mutu və futbolçulara güvəndiyini, sonadək onların arxasında duracağını açıqlayıb.
Daha sonra Yens Andersson çıxış edərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlindən gələni edəcəyini bildirib. Təqdimat mərasimindən sonra mətbuat konfransı olub. Konfransda çıxış edən klubumuzun nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, Yens Andersson keçən ay “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Avropanın tanınmış futbol funksionerlərindən olan 50 yaşlı Andersson buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında və İsveç milli komandasında (2022-2023) idman direktoru vəzifəsində çalışıb.
Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda Yens Andersson böyük pay sahibidir.
“Neftçi”də idman direktoru vəzifəsinin ona həvalə olunması qabaqcıl Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem quruculuğu ilə bağlı klubun mövsümün əvvəlində bəyan etdiyi niyyətlərin ciddiliyini bir daha təsdiq edir.
Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir. Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir. Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid, unikal oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub. Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni zamanda, klubun potensial transfer perfomansının və digər zəruri taktiki göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan texnologiyaların tətbiqi də planlaşdırılır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
19:23 / 26.10.2023
“Neftçi” yeni idman direktorunu təqdim etdi
Hazırda oxunan: “Neftçi” yeni idman direktorunu təqdim etdi
Hazırda oxunan: “Neftçi” yeni idman direktorunu təqdim etdi
161671
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.