Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” “Neftçi”yə çatdı
Matçda hesabı 5-ci dəqiqədə Namiq Ələsgərov açıb. Görüşün 65-ci dəqiqəsində Stiven Monroz "ağ-qaralar"ın üstünlüyünü iki topa çatdırıb.
Dörd dəqiqə sonra Yusuf Laval baxımlı qolla rəqibi 3-cü dəfə məyus edib. Oyunda son nöqtəni isə 75-ci dəqiqədə Mert Çelik qoyub.
Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Neftçi" zirvədəki yerini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, günün ilk matçında "Zirə" Qəbələdə eyniadlı komanda ilə bərabərə qalıb - 1:1. İlk oyun günündə isə baş tutmuş qarşılaşmalarda "Qarabağ" evdə "Sabah"ı iki cavabsız qolla məğlub edib, "Sumqayıt" isə "Keşlə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
Bizim.Media