Qurban Qurbanov: “Bir neçə futbolçu ilə danışıq gedir”

Hazırda oxunan: Qurban Qurbanov: “Bir neçə futbolçu ilə danışıq gedir”

147081

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"u 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.  

Bizim.Media xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 

- Futbolçularımı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib uduzmaq istəmirdi. Sona qədər futbolçularım çox güc sərf etdilər. Şükürlər olsun ki, yaxşı qələbə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Gözəl atmosfer yaratmışdılar. 

- Kevin Medianın ehtiyatda qalması onun gedişi ilə əlaqədardır?  

- Getməsi ilə bağlı əminliklə məlumat yoxdur. Amma müəyyən səbəblər var idi. Ona görə əsas heyətdə oynatmadıq. Lakin ciddi maraqlanırlar. Fikir var, amma bu gün, sabah bizimlədir hələ ki. Düşünürəm ki, hər şey qaydasında olacaq.

- "Linkoln" o səviyyədə komanda deyildi. "Rakuv"la oyunöncəsi komandanı tam sınaya bildiniz?

- Həmişə hər bir rəqibə ciddi yanaşırıq, hər rəqibin bizə yaşatdıqları çətinliklər var. Hər zəif düşündüyümüz komanda bir cür müdafiə olunur. İstənilən rəqibə qarşı çox güc sərf edirik. "Linkoln"u məğlub etmək heç də asan olmadı, nə səfərdə, nə burada. "Rakuv"a qarşı oyunumuzda mütləq dəyişiklik olmalıdır. Çünki onlar başqa sistemdə oyanyırlar, daha bərk komandadır. Bunları nəzərə alırıq. Amma öz proqramımızdan əl çəkmirik. "Rakuv" çox ciddi rəqibdir. Polşa futbolundan bir az sanki fərqli oynayırlar. Sistemləri, fəlsəfələri fərqlidir. Neçə illərdir ki, aşağı liqadan hazırlanmış, klub olaraq böyüyüb az zamanda Polşa çempionu olmaq çox böyük uğurdur. Biz bu komanda ilə Türkiyədə də qarşılaşmışıq və məğlub olmuşduq. Qarşıda bizim 5-6 günümüz olacaq ki, onları yaxından tanıyaq. İnanıram ki, futbolçularım komandanı tam dərk edəcəklər və bu oyuna başda mən olmaqla hamımız yaxşı hazırlıq keçəcəyik.

- Bəhlul Mustafazadə ilk yarıda hücuma meyillənirdi. Bu, sizin tapşırığınız idi, yoxsa rəqibdən asılı olaraq hücuma atılırdı? 

- Bəhlul standart vəziyyətlərdən sonra cərimə meydançasında görünürdü. Hücumların başlamasına gəlincə, o tərəfdə boş zona olurdu deyə, irəli gedirdi. Ən üstün keyfiyyətlərindən biri odur ki, standart vəziyyətlərdə düzgün mövqe seçə bilər. Ona hansı mövqedə olması tapşırılır. Desəm ki, hücuma get demişdim, yox. Amma hücumlara daha tez başlamaq tapşırılığı verilmişdi.  

- "Qarabağ"la çatmaq istədiyiniz ən böyük arzunuz nədir? - Desəm ki, hansısa həddə çatmaq, böyük uğur əldə etmək istəyirəm, yalnış olar. Amma həmişə istəmişəm ki, mübariz komanda, yaxşı, gözəl kollektiv olsun. Dəfələrlə demişəm ki, Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Məncə, əlavə açıqlamaya ehtiyac yoxdur. Bir istəyim və məsuliyyətim olub ki, qədər güc sərf etmək lazımdırsa, edəcəm ki, "Qarabağ"ın uğurları olsun. Həm daxili, həm də xarici oyunlarda. Hər il yeni uğur əldə etmək, bir pillə irəli getmək arzumuzdur, daim çalışrııq. Buna nə dərəcədə nail oluruq, oyunlardan görürsüz. 

- Azarkeş təzyiqinin neqativ və pozitiv tərəfləri hansılardır?  

- Çox istəyərdim ki, həmişə pozitiv reaksiyalar olsun. İnanın ki, futbolçular normal insandırlar, həddən artıq böyük məsuliyyətin altına girirlər. Çünki milyonlarla azərbyacanlı onlardan böyük uğurlar gözləyir. Azarkeşlər əmin olsunlar ki, bu futbolçular Azərbyacan idmanı, futbolu, "Qarabağ" üçün bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar və tələbkardırlar. Çox istəyərdim ki, bütün futbolçularımıza qarşı pozitiv olsunlar. Amma azarkeşlərimə, azərbaycanlılarıma qarşı düşüncəm həmişə pozitivdi, neqativ deyil. Futbolçularımı da buna çağırıram həmişə. Hər azarkeşin şəxsi fikri, istəyi, düşüncəsi olur. Belə hallar futbolu gözəlləşdirir. Hətta bəzi komandalara, futbolçulara xarakter verir. Onların futbolçulara qarşı düşündüyü neqativ fikirlər, bizə daha da pozitiv reaksiya verir.  

- "Qarabağ"da sırf mərkəz hücumçusu mövqeyinə axtarışlar gedir? 

- Sırf mərkəz hücumçusu axtarsaq, dünya futbolunda az rast gələrik. İndi futbol tam fərqlidir. Hansısa komandaya sırf mərkəz hücumçusu lazımdır, hansınasa lazım deyil. Bu gün Cicadan da həmin mövqedə istifadə edirik. Juninyonu almışıq. Keytanı da o mövqedə istifadə edə bilərik. Hansısa sıxıntı olduğunu düşünmürük. Hamısı bizə uyğun futbolçulardır. Ön xətdəki oyunçulardan razıyam. 

- "Qarabağ" bundan sonra transfer edəcək?

- Transfer bazarı işimizin ən vacib hissəsindən biridir. Heyətimizdə 20-25 futbolçu olsa da, yeni oyunçularla maraqlanırıq. Hər bir məşqçi istəyər ki, heyətində düşündüyü oyun tərzinə uyğun oyunçuları olsun. Buna görə daim axtarışdayıq. Bəzən aylar, illərlə gözləyirik. Biz daim transfer bazarında aktivik, daim komandaya yeni oyunçular cəlb etmək istəyirik. İndi də işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıq gedir. Müdafiə, yarımmüdafiə, hücum xətti ola bilər. Elə futbolçular var ki, nə qədər vaxtdır onları izləyirik. Sadəcə bəzən düşünmədiyin halda transfer alınmır. 20-25 gün əvvəl bu başımıza gəldi. Futbolçunun biletini almışdıq, səhər Bakıda olmalıydı, klublar arasında razılıq olmuşdu. Ancaq sonda bu transfer alınmadı. Bizdən asılı olmayan məqamlar var ki, yoluna qoya bilmirik. Transfer axtarışındayıq. Alına da bilər, alınmaya da.  

- Daxili liqada da güclü mübarizə olacağı gözlənilir, "Neftçi"də yeni nəfəs var, "Sabah" da heyətini gücləndirib...  

- İddialı komandalar çoxalıb. Məncə, daha maraqlı çempionat olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin